Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Azərbaycanın nüfuzlu institutu bağlana bilər

19.11.2025 17:22 4 baxış sayı 2 dəq. oxuma Metbuat
Azərbaycanın nüfuzlu institutu bağlana bilər

Naxçıvan Muxtar Respublikasının ali təhsil sistemində genişmiqyaslı struktur dəyişikliyi müzakirə edilir. Bu müzakirələrin fonunda, Naxçıvan Müəllimlər İnstitutunun (NMİ) bağlanacağı ilə bağlı xəbərlər yayılıb. İddialara görə, bu ali məktəb ləğv edilərək Naxçıvan Dövlət Universitetinin (NDU) tərkibinə veriləcək. Hazırda instituta bağlı olan müəllimlərin və 1200-ə yaxın tələbənin də Naxçıvan Dövlət Universitetinə köçürülməsi nəzərdə tutulur. Bu addımın atılmasında məqsəd Muxtar Respublikada ali təhsilin daha səmərəli təşkilidir.


Müzakirələrdə irəli sürülən əsas arqument, bölgədə fəaliyyət göstərən iki ali təhsil müəssisəsinin eyni profilli kadrlar hazırlamasıdır. Bu vəziyyət resursların qeyri-səmərəli bölünməsinə gətirib çıxarır. Buna görə də, ali təhsil müəssisələrinin birləşdirilməsi ən yaxşı variant kimi dəyərləndirilir. Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunun yaranma tarixi 2000-ci ilə gedib çıxır. Həmin il Azərbaycan Prezidentinin Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı qurulmuşdu. O, yalnız 2003-cü ildə müstəqil institut statusunu alıb.


İnstitutun ləğvi ilə bağlı iddiaları gücləndirən digər bir səbəb rəhbərsizlik vəziyyətidir. Ötən ilədək instituta Azad Novruzov rəhbərlik edirdi, lakin o, Ali Məclisə deputat seçildikdən sonra yerinə yeni təyinat olmayıb. Ali təhsil ocağının 1 ildən artıqdır ki, rektorsuz fəaliyyət göstərməsi bu qurumun bağlanacağı barədə fikirləri artırıb. Bu, Naxçıvan üçün ilk hal deyil. Xatırladaq ki, ötən il sentyabrın 3-də Muxtar Respublikada başqa bir özəl universitet də ləğv edildiyini elan etmişdi. Beləliklə, Naxçıvanın ali təhsil sistemində struktur dəyişiklikləri davam edir.


F
Təhsil müxbiri

Təhsil sistemi və təhsil islahatları haqqında yazıram. Müəllim kimi işlədikdən sonra bu sahədə jurnalist oldum.

Bütün məqalələrə baxın
Paylaş: