Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs

28.11.2025 20:43 8 baxış sayı 4 dəq. oxuma Metbuat
Bir ekosistemindən Qarabağda daha bir təşəbbüs

Ölkənin iqtisadi inkişafına, xüsusən də Qarabağın bərpası prosesinə verdiyi töhfələrlə tanınan Bir ekosistemi işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası naminə növbəti addımı atdı. Ötən gün Füzuli şəhərində “Qayıt İş” layihəsi çərçivəsində m10 və MilliÖn telesatış xidmətləri üçün yeni ofisin açılışı baş tutdu. Bu layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə reallaşdırılıb.


Xidmət ofisinin açılış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev iştirak ediblər. Bir ekosisteminin rəsmi nümayəndələri - Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov və PashaPay-in baş icraçı direktoru Samir Məmmədov da tədbirdə iştirak edənlər arasında idi.


Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev layihə haqqında fikirlərini bölüşərək, Qarabağda dayanıqlı məskunlaşma üçün yeni müəssisələrin açılmasını yüksək dəyərləndirdi. Sədr bildirib ki, “Qayıt İş” layihəsi dövlət və özəl sektor əməkdaşlığının nümunəvi modelidir. Bu təşəbbüs yalnız yeni iş yerləri yaratmaq məqsədi daşımır, eyni zamanda Füzuli rayonunun sosial-iqtisadi inkişafına töhfə verməyi, köçürülmüş əhalinin öz doğma yurduna qayıdışdan sonra məşğulluğuna dəstək göstərməyi hədəfləyir. Əliyev belə təşəbbüslərin bundan sonra da dəstəklənəcəyini, vətəndaşların məşğulluqlarının təmini istiqamətində xidmətlərin fasiləsiz göstəriləcəyini vurğulayıb.


Bir ekosisteminin rəsmi nümayəndəsi, Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov bu təşəbbüsü uğurlu dövlət-özəl tərəfdaşlığı adlandırdı. O qeyd etdi ki, hər Qarabağ səfərində bu torpaqların yenilənən enerjisini, dirçələn ritmini hiss etmək insana böyük güc verir. Hüseynov Füzulidə açılan yeni ofisdə çalışan gənc əməkdaşların hamısının məhz Füzuliyə geri dönən sakinlər olduğunu vurğuladı. Onun sözlərinə görə, gənc həmkarların öz doğma şəhərlərində karyera qurmaları və gələcəklərini burada planlamaları Bir ekosistemi üçün sadəcə bir layihə deyil, real dəyərdir. Əsas məqsəd özəl sektor olaraq dövlətin həyata keçirdiyi bu genişmiqyaslı bərpa prosesinə töhfə vermək və burada formalaşan yeni iqtisadi həyatın fəal iştirakçısı olmaqdır.


Layihənin əsas məqsədi bölgəyə qayıdan sakinlər üçün daimi iş yerləri yaratmaq və regionda rəqəmsal ödəniş xidmətlərini möhkəmləndirməkdir. Məhz bu missiyanın nəticəsi olaraq xidmət ofisində çalışan işçilər Füzuli sakinləri arasından seçilib. Tarixi qələbənin ardından şəhərə qayıdan və burada yaşayan 14 nəfər Füzuli sakininə Dövlət Məşğulluq Agentliyi tərəfindən göndəriş verilib. Bu şəxslər xidmət ofisinin əməkdaşları olaraq ekosistem komandasına qoşulublar. Yaxın zamanda komandanın 20 nəfərə çatdırılması nəzərdə tutulur, bu da qayıdış proqramı çərçivəsində əhalinin işlə təmin olunmasına böyük dəstək verir.


E
Maliyyə siyasəti şərhçisi

Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: