🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

COP29 Azərbaycana Siyasi və İqtisadi Dividentlər Gətirəcək

12.10.2024 17:25 27 baxış sayı 7 dəq. oxuma
COP29 Azərbaycana Siyasi və İqtisadi Dividentlər Gətirəcək

Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizədə aparıcı ölkələrdən biri olmaq üçün qəti addımlar atır. COP29 sammitinə cəmi 11 ay qalmasına baxmayaraq, hazırlıqlar uğurla başa çatmış və tərəfdaşlarla birgə genişmiqyaslı layihələrə start verilmişdir. Azərbaycan COP29 ərəfəsində göstərdiyi səylərlə dünya ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov bildirir ki, Azərbaycan yaşıl layihələrin dəstəklənməsinə hər zaman böyük maraq göstərmişdir. O vurğulayır ki, Azərbaycan iqlim dəyişiklikləri ilə mübarizədə böyük həllər təklif edir və bu tədbir ərəfəsində və sonrasında dünya dövlətlərinin diqqət mərkəzində olacaqdır.

"200-dən çox ölkədən 80 min insanı qəbul etmək indiki mürəkkəb beynəlxalq siyasi şəraitdə hətta inkişaf etmiş ölkələrin belə öhdəsindən gələ bilmədiyi bir hadisədir. Bu tədbir dünyanın ekoloji fəlakətlərdən çıxış yolu tapmaq baxımından da böyük əhəmiyyət daşıyır. COP29 tədbiri çərçivəsində Azərbaycana toplaşacaq mütəxəssislər burada qəbul ediləcək qərarlara böyük ümidlə baxırlar. Dünyanın gələcək taleyi Azərbaycanda keçiriləcək görüş və aparılacaq müzakirələrdən çox asılı olacaq. Azərbaycanın əsas hədəfi dünyanın ekoloji kataklizmlərdən xilas olmasıdır. Dünyanın ekoloji problemlərdən qurtuluşu Azərbaycanın da xilas olması deməkdir. Azərbaycan COP29-un təşkilinə məhz bu perspektivdən yanaşır”.


Əlimusa İbrahimov, həmçinin, COP29-un siyasi dividentlərlə yanaşı, iqtisadi inkişafa da böyük təkan verəcəyini vurğulayır. Professor qeyd edir ki, bu, Azərbaycanın qlobal enerji keçidi səylərində əsas oyunçu kimi mövqeyini möhkəmləndirməyə imkan yaradacaq.


"Ölkə bərpa olunan enerji potensialını, xüsusən də günəş, külək və su ehtiyatlarını nümayiş etdirə biləcək. Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin 30%-ni bərpa olunan mənbələrdən istehsal etməyi hədəfləyir ki, bu da ölkənin öz enerji istehlakında bərpa olunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaq məqsədini ifadə edir. Bu addım xarici investisiyaların cəlb olunması, innovasiyaların təşviqi və yeni iş yerlərinin yaradılması baxımından da çox böyük əhəmiyyət kəsb edəcək”.


Professorun fikrincə, Azərbaycanın COP29-dan sonra əldə edəcəyi siyasi nəticələr daha da əhəmiyyətli olacaqdır.


"Azərbaycanın COP29-a ev sahibliyi etməsi qlobal iqlim məqsədlərinə sadiqliyini vurğulamaqla beynəlxalq səhnədə mövqeyini möhkəmləndirəcək. Ölkə bu müzakirələrdən iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli araşdırmaları asanlaşdırmaq üçün istifadə edəcək və inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında mövcud olan uçurumu aradan qaldırmağa çalışacaq. Bundan əlavə, Azərbaycanın COP29-un təşkilindəki rolu ona ekoloji dayanıqlığı iqtisadi rifahla əlaqələndirərək “yaşıl inkişaf” baxışını təşviq etməyə imkan verəcək. Azərbaycan dayanıqlı təcrübələri öz milli inkişaf strategiyasına inteqrasiya etməklə digər ölkələri də oxşar tədbirlər görməyə ruhlandırmaq niyyətindədir".


İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, millət vəkili Azər Badamov bildirir ki, COP tədbirlərinə ev sahibliyi edən ölkələr, adətən, bu tədbirə bir neçə il hazırlıq görsə də, Azərbaycan cəmi bir il ərzində bu prosesin öhdəsindən gəlib.

Dövlət başçısının rəhbərliyi altında son illərdə həyata keçirilən sosial infrastruktur layihələrinə diqqət çəkən Azər Badamov qeyd edir ki, yaradılan turizm infrastrukturu ölkəmizi COP29 ilə bağlı qonaqları yüksək səviyyədə qəbul etməyə imkan verir.


"Azərbaycan COP29-un gündəliyini müəyyən edib və müzakirə olunan mövzular arasında iqlim maliyyəsi ilə bağlı konsensusun əldə olunması təşəbbüsümüzlə önə çəkilib. Həmçinin, COP29-a ev sahibliyi edəcək ölkə kimi təşəbbüsümüzlə triada formatı yaradıldı və bu formatda COP28, COP29 və COP30-a ev sahibliyi edən ölkələrin birgə fəaliyyəti nəzərdə tutulur. COP29 qlobal səviyyədə iqlim dəyişikliklərinə qarşı mübarizədə yeni bir səhifə açacaq".


Millət vəkili tədbirin ölkəmizə qazandıracağı dividentlərlə bağlı qeyd edir ki, bu tədbirin ölkəmizə birbaşa və uzunmüddətli əhəmiyyəti olacaq.


"Bu tədbir ölkəmizə siyasi, iqtisadi və sosial baxımdan müsbət nəticələr verəcək. COP29-un açılış mərasiminə 100-dən çox dövlət başçısının qatılacağı gözlənilir. Onların arasında ilk dəfə ölkəmizə gələcək liderlər də olacaq. Bu isə dünya liderlərinə Azərbaycanı daha yaxından tanımaq imkanı yaradacaq. Onlar torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlandığını, öz gücümüzlə ərazi bütövlüyümüzü təmin etdiyimizi və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtmasını, ölkəmizin sülhə can atdığını görəcəklər. Bu da Azərbaycanın beynəlxalq arenada dostlarının sayının artmasına və mövqeyinin möhkəmlənməsinə kömək edəcək. COP29 Azərbaycanın etibarlı tərəfdaş olduğunu sübut edəcək və sözümüzün gücünü artıracaq.


COP29 ilə bağlı ölkəmizə 70 mindən çox xarici qonağın gələcəyi proqnozlaşdırılır. Bu tədbir 12 gün ərzində turizm sektorunda yeni bir canlanma yaradacaq. Xarici qonaqlar Azərbaycanın tarixi və mədəniyyətinə, zəngin mətbəxinə yaxından bələd olacaqlar və yenidən ölkəmizə qayıtmağı planlaşdıracaqlar. On minlərlə insanın ölkəmizə xərcləyəcəyi yüz milyonlarla dollar kənd təsərrüfatı və digər sektorlarda çalışan insanların gəlirlərini artıracaq. Bu da qeyri-neft sektorunun və dövlət büdcəsinin gəlirlərinin artmasına mühüm töhfə verəcək".


Paylaş: