
Güzəştli mənzillərin seçimi zamanı nə baş verib? - Açıqlama

Güzəştli mənzillərin elektron seçimi prosesi zamanı kiberhücum cəhdinin qarşısı uğurla alınıb. Bu barədə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRTİXD) birgə məlumat yayıb.
Məlumatda bildirilir ki, MİDA-nın layihələrində – Hövsan Yaşayış Kompleksinin birinci və ikinci mərhələləri, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin satışı prosesinə 03 dekabr 2025-ci il tarixində saat 11:00-da başlanılıb. Mənzillərin satışı ipoteka krediti ilə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə "Elektron hökumət" portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilib. Seçim müvafiq qaydalara uyğun, tam şəffaf şəkildə aparılıb.
İlk mənzil cəmi 21-ci saniyədə seçilib. Seçilmiş 627 mənzilin 584-ü üzrə vətəndaşların ərizələri həmin saatlara olan məlumata görə elektron qaydada imzalanaraq uğurla təqdim edilib. Mənzillərin seçiminə MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda nəzarət edilib. Bu qərargahda DTX, XRTİXD, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "AzInTelecom" MMC, habelə media nümayəndələri iştirak ediblər. Proses zamanı müxtəlif kiberhücum cəhdləri müşahidə olunsa da, XRTİXD tərəfindən tətbiq edilmiş təhlükəsizlik mexanizmləri işə düşməsi ilə bu cəhdlərin qarşısı müvəffəqiyyətlə alınıb. Vətəndaşlar "Güzəştli mənzil" sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etməli, qanunsuz kibermüdaxilə cəhdlərindən uzaq durmalıdırlar. Təhlükəsizlik mexanizmləri bu qəbildən olan cəhdləri tez bir zamanda aşkarlayır, zərərsizləşdirir və sistemin təhlükəsiz işini daima nəzarətdə saxlayır.
Seçim mərhələsi başa çatdıqdan sonra MİDA nümayəndəsi sistemdə aparılan təkmilləşdirmə işlərini və xüsusi proqram təminatlarını əyani göstərib. Bu tədbirlərin məqsədi mənzillərin həddən artıq sürətli seçilməsinin qarşısını almaqdır. Qaydalara uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.
Qaydaya əsasən, satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində ardıcıl olaraq daha iki şəxs tərəfindən də gözləmə qaydasında seçilə bilər. İstifadəçi müəyyən edilmiş müddətdə "Güzəştli mənzil" sistemindəki elektron kabinetdə müvafiq bölməyə daxil olmalıdır. O, ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxa bilər, lakin "Təsdiq et" düyməsini sıxan ilk iki şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. İstifadəçi daha sonra gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı səbəbdən mənzili seçmiş şəxs onu əldə edə bilməsə, həmin mənzil ilk olaraq gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil birinci sıradakı şəxs tərəfindən də əldə edilməsə, ikinci sıradakı şəxsə təklif olunur. 03 dekabr 2025-ci il tarixində seçilmiş mənzillər barədə statistik məlumatlar tezliklə ictimaiyyətə təqdim olunacaq.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri sa...
Xəbər Anı

Bakı, Sumqayıt, Lənkəran, Şirvan və Yevlaxda güzəş...
Azəri Xəbər

MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 1...
Azəri Xəbər
Güzəştli mənzillərin seçimi ilə bağlı kiberhücumun...
Azəri Xəbər

MİDA Yeni Yaşayış Komplekslərində Mənzillərin Satı...
Son Xeberler
MİDA güzəştli mənzillərin növbəti satışını elan ed...
Azəri Xəbər


