Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Konstitusiya və Suverenlik İli” hüquqi dövlətin uğurlarını nümayiş etdirir

18.11.2025 11:24 5 baxış sayı 6 dəq. oxuma Metbuat
“Konstitusiya və Suverenlik İli” hüquqi dövlətin uğurlarını nümayiş etdirir

Heydər Əliyev Azərbaycan xalqının suverenlik və müstəqillik amalları uğrunda birləşməsində zəruri olan milli ideologiyanı dövlətçilik konsepsiyasında reallaşdıran lider idi. Ulu öndər həyatının bütün dövrlərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi üçün xidmətlər göstərib. O, milli şüurun düzgün məcrada inkişafına nail oldu, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qoruya bildi. Əliyev azərbaycançılığı milli ideologiyaya çevirməyə müvəffəq oldu. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə ictimai-siyasi sabitliyi bərqərar etdi. Bu sabitlik iqtisadi inkişafa zəmin yaratmaqla yanaşı, hüquq sahəsində də əsaslı islahatların aparılmasına imkan verdi. Məhz Ümummilli liderin təşəbbüsü ilə müstəqil Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəlilədi, qanunun aliliyini təmin edən, ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Bu fəaliyyətin zirvəsi 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən və xalq arasında "Heydər Əliyev Konstitusiyası" adlandırılan ilk əsas qanun oldu.


1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gələn dahi şəxsiyyət Heydər Əliyev milli-mənəvi dəyərləri bərqərar etmək, xalqın şanlı keçmişini, mədəniyyətini, incəsənətini və adət-ənənələrini yaşatmaq üçün ölçüyəgəlməz işlər gördü. Ulu öndər hələ 70-ci illərdə Azərbaycanın görkəmli şəxsiyyətlərinin, alimlərinin, ədiblərinin xatirəsini əbədiləşdirdi, onların əsərlərinin nəşrini təmin etməklə milli ədəbi düşüncənin inkişafına təkan verdi. Əzmkar lider Nizami Gəncəvi və İmadəddin Nəsiminin yubileylərinin dünya miqyasında qeyd olunmasına nail oldu. Heydər Əliyev Azərbaycan dilini azərbaycançılığın başlanğıc məqamı və təməl prinsipi hesab edirdi. Kosmopolit ideyaların hökm sürdüyü bir dövrdə o, milli məfkurənin qorunması istiqamətində ana dilinin inkişaf etdirilməsi sahəsində bir sıra işlər gördü. O, rəsmi çıxışlarının əksəriyyətini Azərbaycan dilində söyləyirdi və bütün rəhbər vəzifəlilərdən də bunu tələb edirdi. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, ciddi maneələrə baxmayaraq, Heydər Əliyevin qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dili bu ali hüquqi aktda dövlət dili kimi təsbit olundu. Bu addım ana dilini inkişaf etdirmək və milli ruhda filmlər çəkmək üçün hüquqi əsas yaratdı.


Azərbaycan müstəqillik qazansa da, 1991–1993-cü illərdəki yarıtmaz fəaliyyət ölkədə kəskin böhrana, anarxiyaya gətirib çıxarmışdı. Həmin vaxt dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun və vətəndaşların azad yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdı. Yalnız xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində ölkədəki təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi. Bu, müasir dövlət quruculuğu üçün etibarlı zəmin oldu. Ulu öndərin hüquqi dövlət quruculuğunda ən böyük xidməti müstəqil respublikanın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi idi. Bu ali qanun ölkədə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün təməl qoydu. Bundan əlavə, Konstitusiyanın aliliyini təmin etmək məqsədi ilə məhz Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı.


Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın işğal altında qalması Azərbaycanın suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermədi. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmişdi. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi qələbə və 2023-cü il antiterror əməliyyatı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərdə bərqərar oldu. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilmişdir. Dövlət başçısı bu uğurları və 2025-ci ildə Konstitusiyanın qəbulunun 30-cu ildönümünü, habelə Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq, 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz milli maraqları rəhbər tutaraq müstəqil siyasətini cəsarətlə davam etdirir, Konstitusiyanın tələblərinə əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir.


Xanlar VƏLİYEV, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, ədliyyə general-leytenantı, əməkdar hüquqşünas


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: