
“Müharibə Qəhrəmanı” yüksək addır, yoxsa “Milli Qəhrəman”?

Azərbaycan tarixinin qəhrəmanlıq səhifələri hər zaman şəhidlərin qanı, igidlərin mərdliyi ilə yazılıb. Dövlətin bu şəxslərə verdiyi ali qiymət onların adını tarixə həkk edir. Bu baxımdan, "Azərbaycanın Milli Qəhrəmanı" və "Vətən Müharibəsi Qəhrəmanı" adları xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyır. Xalqın qeyd etdiyi Zəfər bayramının ildönümündə bu fəxri adları daşıyan şəxslər yenidən gündəmə gəlir. Hər iki ad vətən sevgisinin və fədakarlığın ifadəsidir, amma qanunvericilikdə onların dərəcəsi fərqlidir. Cəmiyyətdə hansı adın daha yüksək olduğu barədə müzakirələr gedir. Qanunvericiliyə görə, "Vətən Müharibəsi Qəhrəmanı" adı "Azərbaycanın Milli Qəhrəmanı" adından bir pillə üstündür. Bu adların təsis tarixləri də fərqlidir: "Azərbaycanın Milli Qəhrəmanı" 25 mart 1992-ci ildə, "Vətən Müharibəsi Qəhrəmanı" isə İkinci Qarabağ müharibəsindəki qələbəyə görə 20 noyabr 2020-ci ildə təsis edilib.
"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın ən ali fərqlənmə dərəcəsidir. Bu ad Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi zamanı düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə döyüş tapşırıqlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə görə verilir. Həmçinin, dövlət sərhədinin bərpası üzrə döyüş əməliyyatlarına rəhbərlik edən və döyüşlərdə şəxsi qəhrəmanlıq göstərən şəxslər də bu ada layiq görülür. Qanuna əsasən, bu ad eyni şəxsə yalnız bir dəfə verilə bilər və onun fərqlənmə nişanı "Vətən Müharibəsi Qəhrəmanı" medalıdır. Bu şərəfli ada azı 83 nəfər layiq görülüb, onlardan 34 nəfəri döyüşlərdə şəhid olub. Bu qəhrəmanlar qanunla müəyyən edilmiş güzəştlərdən faydalanır və onlara 2200 manat məbləğində Prezident təqaüdü verilir.
"Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ikinci yüksək fərqlənmə dərəcəsi sayılır. Bu fəxri ad Azərbaycanın müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında göstərilən müstəsna xidmətlərə və rəşadətə görə verilir. Milli Qəhrəman adının xüsusi fərqlənmə nişanı səkkizguşəli “Qızıl Ulduz” medalıdır. Bu ad da eyni şəxsə bir dəfə verilir. Hazırda Azərbaycanın Milli Qəhrəmanı adı alan şəxslərin ümumi sayı 224 nəfərdir. Onlardan 15 nəfəri sağdır, qalanları ya şəhid olublar, ya da sonradan vəfat ediblər. Onlara verilən Prezident təqaüdünün məbləği isə 2000 manatdır. Medalların taxılma qaydası bu rəsmi iyerarxiyanı təsdiqləyir. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfində, digər orden və medallardan yuxarıda taxılır. Ondan bir pillə aşağıda "Azərbaycanın Milli Qəhrəmanı"nın “Qızıl Ulduz”u yerləşir.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prezident ona Milli Qəhrəman adı verdi -FOTO
Bugun.az

Pəncəli Teymurova Azərbaycanın Milli Qəhrəmanı adı...
Azəri Xəbər

Milli Qəhrəmanların təqaüdü artırılacaq -
Son Xeberler

Milli Qəhrəmanın anası vəfat etdi
Son Xeberler

Üç nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” adı veril...
Son Xeberler

“Vətən Müharibəsi Qəhrəmanı” adı
Son Xeberler


