
Prokurorlar onlara cəza istədilər

Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq məhkəmə iclası davam etdirilib. Bu şəxslər Azərbaycana qarşı hərbi təcavüz, sülh və insanlıq əleyhinə cinayətlər, soyqırımı, müharibə cinayətləri, terrorçuluq və hakimiyyəti zorla ələ keçirməkdə təqsirləndirilirlər. İclasda təqsirləndirilən şəxslər bildikləri dildə tərcüməçilər, həmçinin müdafiə üçün vəkillərlə təmin olunublar. Dövlət ittihamını müdafiə edən prokurorlar ittiham çıxışı edərək təqsirləndirilən şəxslərin cəzalandırılmasına dair təkliflərini səsləndiriblər. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli çıxışında irəli sürülmüş cinayət əməllərinin tövsifinə münasibət bildirib.
Prokuror Tuqay Rəhimli qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini və təcavüzkar müharibə apardığını təsdiqləyir. İttiham çıxışında göstərilib ki, təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayanmayıb. Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin üzvlərinə, mülki şəxslərə, həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi mühüm strateji obyektlərə, dini, təhsil və tibb obyektlərinə hücumlar edib. Həmçinin vurğulanıb ki, Ermənistan tərəfindən tətbiq edilən işgəncələr sistematik və geniş coğrafiyaya yayılmış xarakter daşıyıb, bu da işgəncə siyasətinin dövlət səviyyəsində olduğunu göstərir. Məhkəmə istintaqı zamanı Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan Laçın bölgəsinə Ermənistandan əhalinin köçürülməsini təsdiqləyiblər. Cenevrə Konvensiyasına I Əlavə Protokol isə işğalçı dövlətin öz vətəndaşlarını işğal etdiyi əraziyə köçürməsini cinayət sayır. Bu faktlar məktublar, erməni mənbələrinin məlumatları və internet informasiya ehtiyatları əsasında da təsdiqlənib. Ermənistanın hərbi təcavüzü təkcə Silahlı Qüvvələrə deyil, Gəncə, Bərdə, Ağcabədi və Mingəçevir kimi böyük şəhərlərə də yönəlib.
Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev və digər prokuror Nəsir Bayramov təqsirləndirilən şəxslərin hər biri üçün təyin edilməli olan cəzalara dair yekun təkliflərini elan etdilər. Onlar bəzi ittiham bəndlərinin çıxarılmasını, bəzilərinin isə daha yüngül məsuliyyət nəzərdə tutan norma ilə tövsif edilməsini məhkəməyə təklif edib. Lakin ittihamların ağırlığı nəzərə alınaraq, prokurorlar Harutyunyan Arayik Vladimiri, Mnatsakanyan Levon Henrixi, Manukyan David Azati, İşxanyan Davit Rubeni və Babayan David Klimini törətdikləri təcavüzkar müharibə, soyqırımı, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə kimi ağır cinayətlərə görə qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini xahiş etdilər. Harutyunyan və İşxanyanın cəza müddətinin başlanğıcı 3 oktyabr 2023-cü ildən hesablanmalıdır. Xüsusi qeyd edilib ki, Arkadi Qukasyan, Bako Sahakyan və Madat Babayan ömürlük həbs cəzası nəzərdə tutan cinayətlərdə ittiham olunsalar da, yekun hökm çıxarılanadək 65 yaşına çatdıqları üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə görə onlara ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz.
Yaş məhdudiyyəti səbəbindən ömürlük həbs cəzası təyin edilməyəcək təqsirləndirilən şəxslər üçün müəyyən müddətli azadlıqdan məhrum etmə cəzaları təklif edilib. Beləliklə, Qukasyan Arkadi Arşavir və Sahakyan Bako Sahaki 20 il müddətinə azadlıqdan məhrum edilməli, cəzalarının ilk 10 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Babayan Madat Arakeli və Paşayan Melikset Vladimiri də 20 il müddətinə azadlıqdan məhrum edilməsi təklif edilib. Martirosyan Qarik Qriqoriyə 19 il, Allahverdiyan Davit Nelsoniyə 18 il, Balayan Levon Romikə 17 il, Beqlaryan Vasili İvani, Stepanyan Qurgen Homerosi və Qazaryan Erik Robertə isə hər birinə 16 il azadlıqdan məhrum etmə cəzası təyin edilməsi istənilib. Zərərçəkmişlərin nümayəndələri uzun müddət davam edən məhkəmə istintaqında təqdim olunan sübutlar və dəlillərlə ittihamların sübuta yetirildiyini bildirərək, prokurorların cəzaya dair təklifləri ilə razı olduqlarını qeyd ediblər. Prokurorlar həmçinin maddi sübutlar barədə qərar qəbul edilməsini və təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməməsini xahiş ediblər. Ümumilikdə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs məhkəmə qarşısında cavabdehlik daşıyır. Məhkəmə prosesi noyabrın 27-də davam etdiriləcək.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində təqsirlənd...
Azəri Xəbər

Azərbaycanda həbsxanada yanğın
Son Xeberler

Mebel emalatxanasında yanğında ittiham edilən şəxs...
Azəri Xəbər

10 Xəstənin Qətlinə Görə Ömürlük Həbs Cəzası Alan...
Son Xeberler

16 yaşlı qızı nişanlamaq istədilər
Bugun.az

Sərgən Yalçın cəzalandırıldı
Bugun.az


