Saat 16:00 - Xəbər İcmalı
Bakıda güclü yağışların nəticələri aradan qaldırılır. Fövqəladə Hallar Nazirliyi intensiv yağışlarla bağlı su basmış ərazilərdə təhlükəsizlik tədbirlərini fasiləsiz davam etdirir. Keşlə ərazisində 58 nəfər təxliyə edilib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumları da gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək Bakı və Abşeron yarımadasında toplanan yağış sularını kənarlaşdırır. Qusarda isə Gündüzqala kəndində sel nəticəsində itkin düşən 27 yaşlı Faiq Rəsulovun meyiti tapılıb. Faktla bağlı araşdırma davam edir.
Serbiya Yaxın Şərqdəki eskalasiya səbəbilə ərzaq ixracını məhdudlaşdıra bilər. Serbiyanın prezidenti Aleksandar Vuçiç Belqradda jurnalistlərə açıqlamasında bildirib ki, bölgədə böhran davam edərsə, ölkə ərzaq ixracının məhdudlaşdırılması addımını ata bilər. Vuçiç vətəndaşları vəziyyətin ciddiliyi barədə xəbərdar etməyin vacibliyini vurğulayıb.
Papa 14-cü Leo Pasxa mesajında sülhə çağırış edib. Vatikan dövlət başçısı Pasxa bayramı münasibətilə verdiyi mesajda silahların yerə qoyulmasını tələb edib. Papa minlərlə insanın ölümünə laqeyd yanaşıldığını vurğulayaraq, müharibə başlatma gücünə sahib olanları sülhü seçməyə çağırıb.
Şəmkirdə yetkinlik yaşına çatmayan şəxs qətldə şübhəli bilinərək tutulub. Baş Prokurorluqdan verilən məlumata görə, Şəmkir rayonunun Kür qəsəbəsində Ramal Quliyevin qəsdən öldürülməsi ilə bağlı yetkinlik yaşına çatmamış şəxs barəsində əsaslı şübhələr müəyyən edilib və o tutulub.
Alimlər beyin qocalmasını idarə edən zülalı aşkar ediblər. San-Fransisko Kaliforniya Universitetinin tədqiqatçıları hipokampusda - öyrənmə və yaddaş üçün əsas rol oynayan beyin bölgəsində - tənəzzülü idarə edən zülalı müəyyən ediblər. Kəşf beyin qocalmasının qarşısının alınması istiqamətində yeni imkanlar aça bilər.
Bitcoin bazarında əhval-ruhiyyə kəskin aşağı düşüb. Kriptovalyutanın qiyməti nisbətən sabit qalsa da, investorların pessimizm göstəriciləri İran müharibəsinin başladığı dövrdən bəri ən aşağı səviyyəyə enib. Mütəxəssislər bazardakı narahatlığın geosiyasi gərginliklə birbaşa bağlı olduğunu qeyd edirlər.