Xəbər İcmalı - 06.04.2026

icmal

Saat 17:00 - Xəbər İcmalı

ABŞ İrana hava zərbələri endirib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (US CENTCOM) rəsmi "X" səhifəsində İrandakı strateji-hərbi obyektlərə hədəflənmiş aviazərbələrin görüntülərini yayıb. Videomateriallarda gecə və gündüz reydləri zamanı bir sıra hərbi hədəflərin dəqiq zərbələrlə məhv edildiyi görünür. Bu, ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının davam etdiyini təsdiqləyən yeni sübutdur.


İranın Devrim Mühafizlərinin kəşfiyyat komandiri öldürülüb. İranın rəsmi media orqanları Devrim Mühafizlərinin kəşfiyyat komandiri Məcid Hadəminin bu səhər öldürüldüyünü elan edib. Hücumda İsrail və ABŞ günahlandırılır. İsrail isə hücumun məsuliyyətini üzərinə götürüb. Hadəmi keçən il iyun ayında 12 günlük İran-İsrail müharibəsi zamanı həlak olan komandir əvəzinə təyin olunmuşdu.


İranın Qırmızı Aypara Cəmiyyəti Azərbaycana təşəkkür edib. Cəmiyyətin sədrinin beynəlxalq məsələlər üzrə müavini Raziyə Alişvəndi bildirib ki, İrana humanitar yardım göstərən ölkələr arasında Azərbaycan, Rusiya, Hindistan, Çin, Türkmənistan, Tacikistan və Özbəkistan var. Azərbaycanın göstərdiyi dəstəyə xüsusi minnətdarlıq ifadə olunub.


Sumqayıtda körpə övladının dəfnində TikTok-da canlı yayım açan 9 uşaq atası nəzarətə götürülüb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu açıqlama verərək bildirib ki, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yayan ailə dövlət qurumları tərəfindən nəzarətə alınıb.


ABB enerji effektivliyi sahəsində güzəştli kreditlər verəcək. ABB ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müvəkkil kredit təşkilatı vasitəsilə Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.


Xızıda yağış və selin fəsadları aradan qaldırılır. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirib ki, FHN əməkdaşları artıq ərazidədir və fəaliyyət göstərir. Eyni zamanda, Xətai rayonunda ADSEA tullantı su kollektorunun çökməsinə səbəb olan evlərdən birinin komissiyanın qərarı ilə söküldüyünü açıqlayıb.