Saat 15:00 - Xəbər İcmalı
İstanbulda İsrail Baş Konsulluğunun qarşısında silahlı insident - ölənlər var
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda yerləşən İsrail Baş Konsulluğunun yaxınlığında atışma baş verib. Hadisə zamanı üç nəfər zərərsizləşdirilib, iki polis əməkdaşı isə yaralanıb. Əraziyə çoxsaylı polis qüvvələri cəlb olunub və gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Türkiyənin ədliyyə naziri Akın Gürlek hadisə ilə bağlı istintaqın başladığını açıqlayıb.
Artemis II heyəti Yerdən ən uzaq məsafəyə çataraq geri qayıdır
NASA-nın Artemis II missiyasındakı dörd astronavt Ayın yaxınlığından keçərək tarixə düşən uçuşdan sonra Yerə qayıdış yolundadır. Heyət üzvləri indiyədək heç bir insanın çatmadığı ən uzaq nöqtəyə səyahət edərək yeni rekord qoyublar. Missiya uğurla davam edir.
İranın Kiş adası yaxınlığında konteyner gəmisi hücuma məruz qalıb
İranın Kiş adasının cənubunda konteyner gəmisi naməlum mərmi ilə vurulub. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) hadisəni təsdiqləyib. Gəmiyə zədə dəyib, lakin ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
Fransada sürətli qatar hərbi yük maşını ilə toqquşub - 1 ölü, 27 yaralı
Fransanın şimalındakı Pa-de-Kale vilayətinin Betün və Lens şəhərləri arasında sürətli qatar hərbi yük maşını ilə toqquşub. Qəza nəticəsində maşinist həyatını itirib, 27 sərnişin yaralanıb.
Macarıstan ABŞ-dən neft alışı müqaviləsi bağlamağı planlaşdırır
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Budapeştə səfəri zamanı Macarıstanın "MOL Nyrt." enerji şirkətinin ABŞ-dən təxminən 500 milyon dollarlıq neft alışı barədə müqavilə imzalaması gözlənilir. Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib.
Sukuk bazarı 1 trilyon dolları keçib
"Fitch Ratings" prezidenti İen Linnel dövriyyədə olan sukuk həcminin 1 trilyon dolları ötdüyünü açıqlayıb. Linnel İslam Maliyyə Simpoziumunda çıxışında sukuk bazarının möhkəm kredit göstəriciləri ilə 2026-cı ilə daxil olduğunu və bir çox inkişaf etməkdə olan ölkələr üçün mühüm maliyyələşdirmə alətinə çevrildiyini bildirib.