Saat 15:00 - Xəbər İcmalı
ABŞ-İran atəşkəsi: Vens razılaşmanı dayanıqsız adlandırıb
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranla əldə olunmuş atəşkəsi dayanıqsız adlandırıb. Vens bildirib ki, əgər iranlılar xoş niyyətlə əməkdaşlıq etmək istəyirlərsə, razılığa gəlmək mümkündür. Buna baxmayaraq, atəşkəs dünya ölkələrindən geniş dəstək alıb. BMT, Avropa Birliyi və bir çox ölkə Hörmüz boğazının tam açılması şərti ilə elan olunan iki həftəlik qarşılıqlı atəşkəsi məmnuniyyətlə qarşılayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da razılaşmanı alqışlayıb, Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın gərginliyin diplomatik kanallara yönləndirilməsini dəstəklədiyini bəyan edib.
İran atəşkəsi nailiyyət adlandırıb, lakin Lavan zavoduna hücum olunub
İran Prezidenti Məsud Pezeşkian atəşkəsin tətbiqini ölkə üçün böyük nailiyyət adlandırıb. Pezeşkian bildirib ki, İranın nəzərdə tutduğu bütün prinsiplər qəbul edilib. Bununla belə, bu gün yerli vaxtla saat 10 radələrində İranın cənubundakı Hörmüzqan vilayətinin Lavan adasında neftayırma zavodunun obyektlərinə hücum edilib. Hücumlar nəticəsində obyektlərdə yanğın baş verib.
Atəşkəs kripto bazarlarını yüksəldib
Trampın İranla iki həftəlik atəşkəs elan etməsi rəqəmsal aktivlər bazarında kəskin yüksəlişə səbəb olub. Geosiyasi gərginliyin azalması fonunda Bitcoin 73,000 dollara doğru irəliləyib. Bu hadisə 600 milyon dollarlıq likvidasiyaya səbəb olub və altkoinlərə olan tələb artıb.
Anar Kərimov SOCAR-ın Müşahidə Şurasına təyin edilib
Prezident İlham Əliyevin sərəncamı ilə maliyyə nazirinin birinci müavini Anar Kərimov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib.
Xəzər dənizindəki zəlzələ ilə bağlı yeni məlumat
Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı rəsmi açıqlama yayıb. FHN təsdiq edib ki, Lənkəran şəhərindən 50 km şərqdə, 70 km dərinlikdə qeydə alınan 5.3 maqnitudalı zəlzələ nəticəsində heç bir dağıntı və ya insan xəsarəti olmayıb.
Dəməşq beynəlxalq hava limanı fəaliyyətini bərpa edib
Suriya hava məkanını yenidən açıb və Dəməşq beynəlxalq hava limanının fəaliyyətini bərpa edib. SANA agentliyinin məlumatına görə, bütün hava dəhlizləri açılıb və hava əlaqəsi yenidən qurulub.