Saat 8:00 - Xəbər İcmalı
Ağ Ev atəşkəsi qələbə adlandırdı, İran da qələbə elan etdi
Ağ Evin sözçüsü Karoline Leavitt İranla əldə olunan 2 həftəlik atəşkəslə bağlı yazılı bəyanat yayımlayıb. Leavitt xatırladıb ki, Tramp əvvəldən İrana qarşı başladılan "Destansı Qəzəb Əməliyyatı"nın 4-6 həftə davam edəcəyini proqnozlaşdırıb. Prezident Donald Tramp isə AFP-yə açıqlamasında atəşkəsi "tam və qəti qələbə" adlandırıb: "100 faiz və bu barədə heç bir şübhə yoxdur." Maraqlıdır ki, İran tərəfi də razılaşmanı öz qələbəsi kimi təqdim edib.
İsrail atəşkəsə baxmayaraq hücumları davam etdirir
İsrail Hərbi Hava Qüvvələri atəşkəs elan olunmasına baxmayaraq İrana zərbələr endirməyə davam edir. "The Times of Israel" qəzeti təhlükəsizlik xidməti nümayəndəsinə istinadən xəbər verib ki, Livandakı "Hizbullah" hərəkatına qarşı İsrail əməliyyatlarının sona çatması ilə bağlı hələlik heç bir qərar yoxdur. Bu, atəşkəsin bütün tərəflər üçün eyni dərəcədə məcburi olub-olmadığı sualını gündəmə gətirir.
İraq İslam Müqaviməti əməliyyatları dayandırdı
İraq İslam Müqaviməti çərşənbə günü səhər saatlarında açıqlama yayaraq ABŞ-nin bölgədəki bazalarına qarşı əməliyyatlarını 2 həftə müddətinə dayandırdığını bildirib. Qrup bu qərarın ABŞ-nin İrana hücumları dayandırması ilə eyni vaxtda qüvvəyə mindiyini açıqlayıb. Bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
NATO Baş katibi Trampla görüşəcək
NATO-nun Baş katibi Mark Rutte çərşənbə günü ABŞ-yə səfər edəcək və aprelin 12-dək Vaşinqtonda olacaq. O, prezident Donald Tramp, Dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset ilə görüşlər keçirəcək. NATO-nun Brüsseldəki qərargahından verilən məlumata görə, görüşlərin gündəliyində bölgədəki son gərginlik və alyans məsələlərinin müzakirəsi nəzərdə tutulur.
Azərbaycanda yağışlar daşınmaz əmlak bazarına təsir etdi
Mart ayının son günlərində Azərbaycanda müşahidə olunan intensiv yağıntılar bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub. Fərdi yaşayış evlərinin yerləşdiyi müxtəlif ərazilərdə həyətyanı sahələrə su dolması, torpaq qatının bataqlıq vəziyyətinə düşməsi və drenaj problemləri qeydə alınıb. Nəticədə bəzi ərazilərdə evlərin qiymətlərində ucuzlaşma müşahidə olunur.