Xəbər İcmalı - 10.04.2026

icmal

Saat 14:00 - Xəbər İcmalı

İran danışıqlar üçün ABŞ-yə şərt qoydu. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai müharibənin dayandırılması ilə bağlı danışıqların aparılmasını ABŞ-nin bütün cəbhələrdə, xüsusilə Livanda atəşkəs öhdəliklərinə riayət etməsi ilə şərtləndirdiyini açıqlayıb. Bu açıqlama İran daxilində atəşkəs məsələsində ciddi fikir ayrılıqlarının yaşandığı və regionda gərginliyin davam etdiyi bir vaxtda səslənib.


Milli Məclis əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qanun layihəsini ilk oxunuşda qəbul edib. Parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsində və "Gender bərabərliyinin təminatları haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və ilk oxunuşda təsdiq olunub. Dəyişikliklər əməkhaqqının müəyyənləşdirilməsində cinsi ayrı-seçkiliyin qarşısının alınmasına yönəlib.


Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqının dövlət büdcəsindən ödənilməsi təklifi ilk oxunuşda qəbul edilib. Milli Məclis eyni zamanda Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklikləri müzakirə edib. Bundan əlavə, terrorizmlə bağlı partlayıcı qurğuları zərərsizləşdirərkən həlak olanların ailələrinə də oxşar imtiyaz və güzəştlərin şamil edilməsi təklif olunub.


Azərbaycanın süni intellekt sahəsində bacarıqları beynəlxalq hesabatda yüksək qiymətləndirilib. Beynəlxalq Nəqliyyat Forumunun dərc etdiyi "Bacarıqlar bizi irəli aparır: süni intellekt dövründə nəqliyyat sahəsində işçi qüvvəsinin bacarıqları" adlı hesabatda Azərbaycanın bu sahədə həyata keçirdiyi təşəbbüslər müsbət qeyd olunub.


Asiya İnkişaf Bankı Azərbaycanla aqrar sahədə əməkdaşlıqda maraqlıdır. AİB-in Azərbaycan üzrə direktoru Suniya Durrani-Camal Bakıda "Asian Development Outlook 2026" icmalının təqdimatında çıxış edərək bankın ölkənin kənd təsərrüfatı sektorunda iştirak etmək məqsədilə hökumətlə birgə işləməyə hazır olduğunu bildirib.


HSBC və Standard Chartered liderliyi ilə qrup Honq Konqda ilk steblkoin lisenziyalarını alıb. Honq Konq Pul Siyasəti İdarəsi 2025-ci ilin avqustunda qüvvəyə minmiş Steblkoinlər Qanunu çərçivəsində ilk lisenziya paketini təsdiq edib. Bu, qlobal maliyyə bazarlarında rəqəmsal aktivlərin tənzimlənməsi istiqamətində mühüm addım hesab olunur.