Saat 13:00 - Xəbər İcmalı
Hörmüz boğazı böhranında beynəlxalq reaksiyalar genişlənir
Böyük Britaniya ABŞ Prezidenti Donald Trampın elan etdiyi Hörmüz boğazının dəniz blokadasına qoşulmaqdan imtina edib. Baş nazir Kir Starmer "BBC" radiosuna verdiyi müsahibədə "Biz İran limanlarının blokadasını dəstəkləmirik" deyərək Londonun mövqeyini açıq şəkildə ortaya qoyub. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazından maneəsiz keçidin təmin olunmasının vacibliyini vurğulayıb. Fidan "Anadolu" Agentliyinə verdiyi müsahibədə həm ABŞ-ın, həm də İranın atəşkəs mövzusunda səmimi olduğunu bildirərək, tərəflərin razılığı ilə atəşkəs müddətinin uzadılması ehtimalından danışıb.
Antalyada TDT Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı keçiriləcək
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı Türkiyənin Antalya şəhərində planlaşdırılır. Toplantı 17-19 aprel tarixlərində baş tutacaq Antalya Diplomatiya Forumu çərçivəsində keçiriləcək. Bu il Forumun mövzusu "Gələcəyi formalaşdırarkən" olaraq müəyyən edilib.
Hesablama Palatası: 1,5 milyard manatlıq maliyyə nöqsanı aşkarlanıb
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hesabat verərək, ötən il kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 1 milyard 554 milyon manat məbləğində nöqsan aşkarlandığını bildirib. Nöqsanların tərkibi uyğunsuzluq (584,8 milyon manat), maliyyə təhrifləri (626,3 milyon manat) və səmərəsiz xərclər (342,9 milyon manat) şəklində bölünüb. Gülməmmədov həmçinin dövlət satınalmalarının yarıdan çoxunun rəqabətsiz üsulla həyata keçirildiyini ciddi problem kimi qeyd edib. Bərpa tədbirləri nəticəsində 101,5 milyon manat vəsait büdcəyə qaytarılıb.
ABŞ İndoneziyanın hava məkanına hərbi giriş əldə etmək istəyir
ABŞ hərbi aviasiyası İndoneziyanın hava məkanına sutkaboyu giriş əldə etmək üçün danışıqlar aparır. ABŞ Müdafiə Nazirliyi bu barədə rəsmi məlumat yayıb. Xarici mənbələr Prezident Prabovo Subiantonun bu təklifə razılıq verə biləcəyini əvvəlcədən bildirmişdi.
Rusiyada azərbaycanlı keçmiş diaspor rəhbərinə 24 il həbs
Rusiyada Azərbaycanın Uraldakı diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin cəza müddəti 24 ilə qədər artırılıb. Onun oğlu Mutvali Şıxlinskiyə isə hüquq-mühafizə orqanları əməkdaşına hücum işi üzrə 8 il həbs cəzası verilib. Hökmü Yekaterinburqun Kirov rayon məhkəməsinin hakimi Aleksandra Yevladova oxuyub.
Stanford alimləri Ozempikə alternativ təbii molekul kəşf etdilər
Stanford Medicine tədqiqatçıları semaglutid (Ozempik) dərmanının kilo vermə təsirlərinə oxşar təbii bir molekul müəyyən ediblər. BRP adlanan bu molekul heyvan tədqiqatlarında iştahı və bədən çəkisini azaldıb, lakin bulantı, qəbizlik və əzələ zəiflənməsi kimi Ozempikə xas olan yan təsirləri göstərməyib.