Saat 17:00 - Xəbər İcmalı
İran münaqişəsi: Kreml uraniumun saxlanmasına hazırdır, Çin Hörmüz boğazının təhlükəsizliyini tələb edir
İran ətrafında diplomatik fəallik artmaqdadır. Kremlin sözcüsü Dmitriy Peskov Rusiyanın İrana məxsus zənginləşdirilmiş uraniumunu öz depolarında saxlamağa hazır olduğunu bildirdi. Peskov Moskvada keçirdiyi mətbuat konfransında bu təklifin hələ də aktual olduğunu və tərəflər razılaşdığı təqdirdə həyata keçirilə biləcəyini söylədi. Eyni zamanda, İranın Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejei ABŞ ilə müzakirə aparmağa və razılaşma əldə etməyə hazır olduqlarını bəyan etdi. İran heyəti parlament sədri Məhəmməd Baqir Qalibafın başçılığı ilə danışıqlara hazırlaşır.
Hörmüz boğazından iki İran tankeri keçib, Çin boğazın açıq saxlanmasını tələb edir
ABŞ-nin elan etdiyi blokadadan əvvəl İranla əlaqəli iki tanker Hörmüz boğazı vasitəsilə Fars körfəzindən çıxıb. "The National" nəşrinin məlumatına görə, gəmi izləmə xidmətləri "Kpler" və LSEG-in məlumatlarına əsasən tankerlər bazar ertəsi boğazdan keçib. Digər tərəfdən, Çin Xarici İşlər Nazirliyinin sözcüsü Guo Jiakun Hörmüz boğazının qlobal ticarət və enerji daşınmasında mühüm rol oynadığını vurğulayaraq bu su yolunun beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğun olaraq təhlükəsiz və sabit saxlanılmasının zəruriliyini bildirdi.
"World Aquatics" Rusiya və Belarusa qarşı sanksiyaları ləğv edib
Beynəlxalq Su İdman Növləri Federasiyası Rusiya və Belarus idmançılarına qarşı tətbiq etdiyi sanksiyaları ləğv edib. Qurumun mətbuat xidmətinin yaydığı məlumata görə, hər iki ölkənin təmsilçiləri artıq yarışlarda öz bayraqları və himnlərindən istifadə edə biləcəklər. Bu qərar beynəlxalq idman aləmində sanksiya siyasətinin yumşaldılması istiqamətində atılan növbəti addımdır.
Hesablama Palatası: Pozuntuların yarıdan çoxu büdcə qanunvericiliyi ilə bağlıdır
Azərbaycanda auditlər zamanı aşkarlanmış pozuntuların əsas hissəsinin büdcə qanunvericiliyi ilə bağlı olduğu müəyyən edilib. Hesablama Palatasının 2025-ci il üzrə hazırladığı hesabata görə, bu sahənin payı 51,6 faiz təşkil edib. Nöqsanların 24,1 faizi dövlət satınalmaları, 9 faizə yaxını isə digər sahələrlə əlaqədardır.
Azərbaycanın nəqliyyat islahatları beynəlxalq hesabatda nümunə göstərilib
Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi islahatlar Beynəlxalq Nəqliyyat Forumunun yeni hesabatında müsbət təcrübə kimi qeyd olunub. "Strateji baxışa əsaslanan nəqliyyat planlaşdırılması: siyasətçilər üçün bələdçə" adlı hesabatda ölkənin bu sahədəki təcrübəsi beynəlxalq səviyyədə nümunə kimi təqdim edilib.
Həkim qaynı arvadının ölümünə görə yeni cəza alıb
Bakı Apellyasiya Məhkəməsi qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən həkim Ülviyyə İlyasova barəsində qərarı dəyişib. Hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə İlyasovaya 3 il 9 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.