Xəbər İcmalı - 15.04.2026

icmal

Saat 20:00 - Xəbər İcmalı

Pakistan Ordusunun baş komandanı Asim Munir İrana səfər edib. Tehran hava limanında onu İranın xarici işlər naziri Abbas Əraqçi qarşılayıb. Səfər çərçivəsində regional məsələlərin müzakirəsi və ABŞ ilə dialoq prosesi gündəmə gətiriləcək. İslamabadda danışıqların ikinci mərhələsi barədə fikir mübadiləsinin aparılacağı gözlənilir.


Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahı yaradılacaq. Bu qərar İstanbulda keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransında qəbul edilib. Tədbirdə 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatlardan 130-a yaxın nümayəndə iştirak edib. Konfransın əsas mövzusu iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu olub. Milli Məclisin sədri Sahibə Qafarova isə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyini Azərbaycanın birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürü kimi dəyərləndirib.


ABD Konqresində Prezident Trampın vəzifəsini yerinə yetirmə qabiliyyətinin araşdırılması üçün təklif irəli sürülüb. Nümayəndələr Palatasının üzvü Jamie Raskin bu məqsədlə xüsusi komissiya yaradılmasını nəzərdə tutan təklif təqdim edib. Komissiya "Prezidentin Vəzifə Səlahiyyətlərini və Məsuliyyətlərini Yerinə Yetirmə Qabiliyyəti Komissiyası" adlandırılır.


Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən açılan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi Zamanlı İsmayıl Rafail oğlunu 16 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə prosesinə hakim Telman Hüseynov sədrlik edib.


Azərbaycan və Rumıniya bu il birgə hökumətlərarası komissiyanın iclasını keçirəcək. Bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı razılıq əldə olunub. Tərəflər strateji tərəfdaşlığın möhkəmliyini bir daha təsdiqləyiblər.


Azərbaycanda yük avtomobili istehsalı kəskin artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında 191 ədəd yük avtomobili istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 dəfə çoxdur.