Saat 7:00 - Xəbər İcmalı
ABŞ Rusiya neftinin ticarəti üzrə icazə müddətini uzadıb. ABŞ Maliyyə Nazirliyi Rusiya mənşəli xam neft və neft məhsullarının satışı, daşınması və boşaldılması ilə bağlı əməliyyatlara verilən icazənin müddətini aprelin 17-dən mayın 16-dək uzadıb. Müvafiq qərar Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi saytında dərc olunan ümumi lisenziyada əks olunub.
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika satışını təsdiqləyib. ABŞ Dövlət Departamenti Almaniyanın hərbi qabiliyyətlərini gücləndiməyə yönəlmiş iri həcmli silah paketinin satışına icazə verib. Paketə radar müşahidə stansiyaları, MK-41 dəniz bazalı raket buraxılış qurğuları, naviqasiya və radioelektron mübarizə sistemləri daxildir.
Çin iqtisadiyyatı birinci rübdə 5 faiz artıb. Çinin Dövlət Statistika Bürosunun açıqlamasına görə, ölkənin ümumi daxili məhsulu 2025-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 33,4 trilyon yuana - təxminən 4,87 trilyon ABŞ dollarına çatıb. Büro istehsal və təklifin artımını müsbət qiymətləndirib.
Türkiyədə məktəbə silahlı hücum planı aşkarlanıb. İzmir şəhərinin Torbalı rayonunda orta məktəbə hücum hazırladığı iddia edilən səkkiz nəfərlik qrup jandarm əməkdaşları tərəfindən saxlanılıb. Şübhəlilərin WhatsApp vasitəsilə hücum planlaşdırdığı müəyyən olunub. Məhkəmə onlardan ikisi barəsində ev dustaqlığı qərarı çıxarıb.
BMT: Livanda minlərlə köçkün evlərinə qayıdır. İsrail və Livan arasında atəşkəsdən sonra minlərlə livanlı ölkənin cənubundakı evlərinə geri dönür. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi məcburi köçkünlərin Beyrutun cənub ətraflarına və Nəbatiyə bölgəsinə hərəkətini izlədiyini bildirib.
"Barselona" "Atletiko"nun hücumçusu Sörlotu transfer etmək istəyir. İnsayder Matteo Morettonun məlumatına görə, Kataloniya klubu norveçli hücumçu Aleksander Sörlotun transferi üçün "Atletiko"ya rəsmi təklif göndərib. Sörlotun Robert Levandovskinin əvəzedicisi kimi nəzərdən keçirildiyi bildirilir.