Xəbər İcmalı - 24.04.2026

icmal

Saat 22:00 - Xəbər İcmalı

TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyib. Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Ermənistanda Türkiyə bayrağının yandırılması faktını qınayıb. TÜRKPA-nın rəsmi bəyanatında bu addımın qarşılıqlı hörmət prinsiplərinə zərbə vurduğu vurğulanıb.


Avropa İttifaqı və ABŞ kritik minerallar sahəsində strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb. Sənəd Vaşinqtonda Avropa komissarı Maroş Şefçoviç və ABŞ Dövlət katibi Marko Rubio tərəfindən imzalanıb. Tərəflər təchizat zəncirləri sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyir. Bu razılaşma hər iki tərəfin Çindən asılılığı azaltmaq istiqamətində atdığı mühüm addım kimi qiymətləndirilir.


Süni intellektin hərbi sahədə tətbiqi sürətlənir. Məlumata görə, ABŞ Hava Qüvvələri Maven süni intellekt sistemindən istifadə edərək İrana qarşı ilk 24 saatda 1000-dən çox hədəfi vurub ki, bu da iki onillik əvvəl İraqdakı "şok və vahimə" əməliyyatından təxminən iki dəfə çoxdur. Hədəf seçmə prosesinin bu dərəcədə sürətlənməsi süni intellekt sistemlərinin hərbi əməliyyatlarda rolunun artdığını göstərir.


Pentaqon yaxınlığında iki avtobus toqquşub. ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində baş verən qəzada azı 23 nəfər xəsarət alıb. Xəsarət alanlardan azı 10-u Amerika müdafiə idarəsinin əməkdaşlarıdır. Hadisə nəqliyyat qovşağında meydana gəlib.


Samsung-da işçi etirazları qlobal RAM qıtlığını dərinləşdirə bilər. Süni intellekt mərkəzlərindən gələn yüksək tələb artıq yaddaş çipləri bazarında qıtlıq yaradıb və bu, smartfonların, PS5 konsollarının və digər cihazların qiymətlərinin artmasına səbəb olub. Samsung işçilərinin etirazları bu böhranı daha da kəskinləşdirə bilər.


Azərbaycan-Ukrayna ticarət əlaqələrində yeni rəqəmlər açıqlanıb. Bu ilin yanvar-mart aylarında iki ölkə arasında ticarət dövriyyəsi 114,758 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz azalma deməkdir. Bununla belə, Azərbaycanın Ukraynadan məhsul idxalının artdığı qeyd olunub.