Xəbər İcmalı - 26.04.2026

icmal

Saat 8:00 - Xəbər İcmalı

Kolumbiyada terror aktı: 14 nəfər həlak olub, aralarında uşaqlar da var

Kolumbiyanın cənub-qərbindəki Kauka departamentində Panamerika avtomobil yolunda güclü partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər həyatını itirib, onlardan beşi azyaşlıdır. Region qubernatoru Oktavio Qusmanın açıqlamasına görə, 38 nəfərdən çox insan yaralanıb. Partlayıcı qurğu avtomobil yolunda yerləşdirilib.


Vaşinqton atışması: Tramp hadisənin təfərrüatlarını açıqlayıb

Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Prezident Donald Tramp mətbuat konfransında bildirib ki, atəş açan şəxs bir neçə silahla təhlükəsizlik məntəqəsinə hücum edib. Tramp həmçinin şübhəli bilinən şəxsin foto və videolarını "Truth Social" platformasında paylaşıb. Hadisə zamanı Tramp mühafizəçiləri tərəfindən salondan çıxarılıb.


İsrail Livanın cənubuna zərbələr endirib

İsrail Müdafiə Ordusu Livanın cənubuna bir sıra hərbi zərbələr endirib. İsrailin Mətbuat xidmətinin məlumatına görə, hücumların hədəfi "Hizbullah" qruplaşmasının hərbi infrastrukturu olub. İsrail rəhbərliyi orduya Livanda "Hizbullah"ın obyektlərinə güclü zərbələr endirməyi əmr edib.