Xəbər İcmalı - 27.04.2026

icmal

Saat 15:00 - Xəbər İcmalı

Zelenskiy Rusiyanın son həftədə 60 raket və 1900 drondan istifadə etdiyini açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenskiy bildirib ki, Rusiya ordusu son yeddi gün ərzində Ukraynaya qarşı hücumlarında müxtəlif tipli 60 raket, təxminən 1900 silahlı pilotsuz uçuş aparatı və 1400-ə yaxın idarə olunan bomba tətbiq edib. Zelenskiy bu məlumatı sosial media hesabından paylaşıb.


Avropa Birliyi Rusiyaya qarşı kripto valyuta sanksiyalarını gücləndirir. AB Rusiyanın sanksiyalardan yayınmaq üçün kripto valyutadan artan şəkildə istifadə etdiyini müşahidə edib. Son dövrdə Rusiya rəsmiləri rəqəmsal aktivlərə getdikcə daha çox etibar etməyə başlayıb. Məsələ Brüsseldə ciddi narahatlıq doğurub və ittifaq bu sahədə ən böyük tədbirlərin tətbiqini elan edib.


Bakı yollarında son 3 ayda 21 piyada həlak olub. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, bu ilin ilk üç ayında paytaxt yollarında 68 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələrin 43-ü piyada vurulması ilə bağlı olub, nəticədə 21 piyada həyatını itirib, 24 nəfər isə yaralanıb. Nazirlik yol hərəkəti iştirakçılarını ehtiyatlı olmağa çağırıb.


Britaniyada İran münaqişəsinin iqtisadi təsiri ilə bağlı fövqəladə iclas keçiriləcək. Böyük Britaniyanın Baş naziri Kir Starmer aprelin 28-də İran müharibəsinin fəsadlarının yaşayış xərclərinə olan təsirini müzakirə etmək üçün "Kobra" fövqəladə komitəsinin iclasını çağırıb.


Azərbaycanda lizinq sistemi yenidən tənzimlənəcək. Maliyyə icarəsi sahəsini tənzimləyən yeni qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul olunub. Qanun layihəsi hüquqi bazanın təkmilləşdirilməsini, bazarın inkişafını və kiçik-orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsini nəzərdə tutur.


Budokaido üzrə Azərbaycan millisi dünya çempionu olub. Polşanın Nowy Sacz şəhərində keçirilən IBU Dünya Çempionatında Azərbaycan yığması 66 medal qazanaraq birinci yeri tutub. Komandamız 29 qızıl, 23 gümüş və 14 bürünc medal əldə edib. Həmçinin Ağdərədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasının açılış mərasimi keçirilib.


"Nature Health" jurnalında dərc olunan tədqiqat pestisid təsirinə məruz qalma ilə xərçəng riskinin 150 faiz artması arasında güclü əlaqə aşkar edib. Beynəlxalq elmçi qrupu - IRD, Institut Pasteur, Toulouse Universiteti və Peru Malign Xəstəliklər Milli İnstitutu tərəfindən aparılan araşdırma bu sahədə əhəmiyyətli nəticələr ortaya qoyub.