Xəbər İcmalı - 27.04.2026

icmal

Saat 16:00 - Xəbər İcmalı

Fövqəladə Hallar Nazirliyi əhalini küləkli hava şəraiti ilə bağlı xəbərdar edib. FHN Azərbaycanın bir sıra ərazilərində gözlənilən güclü küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, yaxın günlərdə arabir güclü külək əsəcəyi, bəzi yerlərdə intensiv yağış yağacağı və dağ çaylarında suyun artacağı gözlənilir. Vətəndaşlardan ehtiyatlı olmaları xahiş edilib.


Avropa İttifaqının Gürcüstandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb. AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin XİN-inə dəvət olunub. Gürcüstan Xarici İşlər Nazirliyi bu addımı səfirin Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti nəzdində Gürcüstan mövzusundakı tədbirdə səsləndirdiyi bəyanatla əlaqələndirib. Xarici işlər naziri Maka Boçorişvili məsələ ilə bağlı açıqlama verib.


Malinin Kidal şəhərində nəzarət silahlı qruplaşmaya keçib. Malinin şimalındakı Kidal şəhərinin Azavad Azadlıq Cəbhəsi (FLA) tərəfindən ələ keçirildiyi iddia olunur. Son iki gün ərzində baş verən çatışmalardan sonra FLA rəsmən açıqlama yayaraq şəhərdə tam nəzarəti təmin etdiklərini bildirib. Məlumata görə, Rus əsgərləri də bölgədən çıxarılıb.


"Prezident Kuboku 2026" beynəlxalq avarçəkmə reqatası geniş beynəlxalq iştirakla keçirilir. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən yarışla bağlı Gənclər və İdman naziri Fərid Qayıbov çox ölkənin iştirak etməsinin sevindirici hal olduğunu bildirib. Azərbaycan Su İdman Növləri Federasiyasının icraçı vitse-prezidenti Fərhad Əliyev isə qeyd edib ki, iştirakçı ölkələr hər il yarışla bağlı razılıqlarını bildirirlər.


XIII Ümumdünya Şəhərsalma Forumuna hazırlıq davam edir. Bakıda keçiriləcək WUF13 çərçivəsində maarifləndirici treninqlər aparılır. Treninqlərin əsas məqsədi inklüzivliyin təmin edilməsi və forumda iştirak edəcək personelin məlumatlılığının artırılmasıdır. "WUF13 Azərbaycan" Əməliyyat Şirkətinin Müyəssərlik və İnklüzivlik üzrə komandası bu prosesi koordinasiya edir.