Saat 16:00 - Xəbər İcmalı
Moskvada güclü yanğın: azı 5 nəfər həlak olub. Rusiyanın paytaxtı Moskvada yaşayış binasının ikinci və üçüncü mərtəbələrində baş verən yanğın nəticəsində azı 5 nəfər həyatını itirib. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti hadisə barədə məlumat yayıb. Yanğın tikintisi davam edən binada başlayıb və böyük fəsadlara səbəb olub. Xilasedici əməliyyatlar dərhal başladılıb.
Nigeriyada İŞİD-in silahlı hücumu nəticəsində 29 nəfər öldürülüb. Terror qruplaşması İŞİD Nigeriyanın şimal-şərqindəki Adamava ştatının Quyak kəndinə silahlı hücum təşkil edib. Hücumdan sonra qruplaşma məsuliyyəti öz üzərinə götürüb. Ştatın qubernatoru hadisə ilə bağlı açıqlama verib.
Zelenski İsrailə kəskin etiraz edib. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfindən ələ keçirilən Ukrayna taxılını daşıyan gəminin İsrail limanına daxil olmasına sərt şəkildə etiraz edib. Zelenski sosial media hesabı vasitəsilə İsrail rəsmilərinin Ukraynaya hörmət göstərməsini tələb edib və bu addımın ikitərəfli münasibətlərə zərər vura biləcəyini vurğulayıb.
Yunanıstanda 89 yaşlı təqaüdçü 5 nəfəri güllələyib. Yunanıstanın paytaxtı Afinada 89 yaşlı kişi ölkənin Vahid Sosial Sığorta Fondu binasında və Apellyasiya Məhkəməsində odlu silahla 5 nəfəri yaralayıb. Hadisə iki ayrı binada baş verib - kişi əvvəlcə Afinanın Petralona rayonundakı EFKA binasına daxil olaraq atəş açıb.
Xocavənd şəhərinə və Xanoba kəndinə növbəti köç karvanı çatıb. Köçürülən ailələrə evlərinin açarları təqdim edilib. Açar təqdimetmə mərasimində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Google Pentaqonla süni intellekt sahəsində gizli müqavilə imzalayıb. The Information xəbər agentliyinin məlumatına görə, Google ABŞ Müdafiə Nazirliyinə öz süni intellekt modellərini "hər hansı qanuni hökumət məqsədi" üçün istifadə etmək imkanı verən gizli sazişə qol çəkib. Məlumata görə, müqavilə Google işçilərinin şirkət rəhbərliyinə Pentaqonla əməkdaşlıq barədə suallar yönəltməsinin ardınca üzə çıxıb.