Xəbər İcmalı - 01.05.2026

icmal

Saat 22:00 - Xəbər İcmalı

Azərbaycan QHT-ləri Avropa liderlərinə açıq məktub ünvanlayıb. Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının prezidenti Antonio Kostaya müraciət edib. Məktubda Avropa liderlərindən Ermənistana səfərləri zamanı iki əsas humanitar problemə diqqət yetirmələri xahiş olunub. Eyni zamanda, Milli Məclisin deputatı Səbinə Salmanova Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnaməni əsassız və qərəzli adlandırıb. Deputat bu qətnaməni "əhəmiyyətsiz bir kağız parçası" kimi dəyərləndirərək gülünc hesab edib.


Çin İranla hərbi əməkdaşlığı rədd edib. Çinin BMT-dəki daimi nümayəndəsi Fu Tsun bəyan edib ki, Çin və İran arasında heç bir hərbi əməkdaşlıq mövcud deyil. Diplomat bu açıqlamanı Çinin BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinə həsr olunmuş brifinqdə verib. Xatırladaq ki, ABŞ-İran gərginliyinin davam etdiyi bir dövrdə Tramp bu gün İranın müzakirə təklifini rədd etdiyini açıqlamışdı.


Rusiyanın Soçi hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub. Səlahiyyətlilər məhdudiyyətlərin təhlükəsizlik səbəbi ilə tətbiq edildiyini bildiriblər. Aprelin 28-də Soçidən yola düşən sərnişin təyyarəsi dron təhlükəsi səbəbindən alternativ dayanacaq yerinə yönləndirilmişdi.


Bakıda 7 marşrutun hərəkət sxemi dəyişdirilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, paytaxtın küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bir sıra marşrutların sərnişin daşıması alternativ yollarla təmin ediləcək.


Amazon qiymət izləmə funksiyasını genişləndirib. Şirkətin süni intellektə əsaslanan yeni xüsusiyyəti istifadəçilərə məhsulların son bir il ərzindəki qiymət tarixçəsini izləmək imkanı verir. Funksiyadan istifadə üçün tətbiqdə məhsulun qiyməti yanında "Qiymət tarixçəsi" düyməsini seçmək kifayətdir.