Xəbər İcmalı - 02.05.2026

icmal

Saat 18:00 - Xəbər İcmalı

Tehran ABŞ-ın hərbi əməliyyatları bərpa etməsini istisna etmir. İran Silahlı Qüvvələri Mərkəzi Qərargahının nümayəndəsi, briqada generalı Məhəmməd Cəfər Əsədi açıqlama yayaraq bildirib ki, mövcud məlumatlara əsasən ABŞ-ın İrana qarşı hərbi əməliyyatları yenidən başlatması ehtimalı göz ardı edilə bilməz. Açıqlama İran-ABŞ münasibətlərində gərginliyin yenidən artdığı bir dövrdə səslənib.


Azərbaycanda nağdsız ödənişlər sürətlə artır. Bu ilin mart ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz artaraq 9 milyard 560 milyon manata çatıb. Elektron ticarət bu artımda əsas rol oynayıb - həmin dövrdə e-ticarət üzrə 8,291 milyard manat, yəni ümumi ödənişlərin 86,7 faizi elektron kanallar vasitəsilə həyata keçirilib. Eyni zamanda, Visa ödəniş kartları üzrə əməliyyatların sayı 167,896 milyona, həcmi isə 8,696 milyard manata yüksəlib.


Macarıstanın yeni lideri Péter Magyar nepotizm ittihamları ilə üzləşir. Seçki qalibi Magyar kabinetini formalaşdırarkən ədliyyə naziri vəzifəsinə qız bacısının ərini təyin edib. Bu addım ölkədə geniş mübahisəyə səbəb olub və "nepotizm" ittihamlarını yenidən gündəmə gətirib.


İsveç suriyalı məhkumların deportasiyasına hazırlaşır. İsveç hökuməti müxtəlif cinayətlərə görə məhkum edilmiş 155 suriyalının ölkədən çıxarılması üçün hazırlıq işlərinə başlayıb. Miqrasiya naziri Yohan Forssel bildirib ki, Suriya nümayəndə heyəti yaxın zamanda Stokholma gələcək və sənədləşmə, şəxsiyyət təsdiqlənməsi kimi praktik məsələlər müzakirə olunacaq.


Ağcabədidə ailə faciəsi yaşanıb. Rayonun Hindarx qəsəbəsində 1969-cu il təvəllüdlü Ayaz Səlimov ailə münaqişəsi zəminində həyat yoldaşı Nəzakət Səlimovanı balta ilə qətlə yetirib. Cinayət hadisəsi ilə bağlı araşdırma aparılır.


"Heydər Əliyev kuboku-2026" beynəlxalq boks turniri Bakıda start götürüb. 17 yaşadək yeniyetmə oğlan və qız boksçuları arasında keçirilən turnirin açılış mərasimi Bakı Boks Mərkəzində baş tutub. Tədbir iştirakçı komandaların paradı ilə başlayıb, ardınca rəsmi açılış mərasimi keçirilib.