Xəbər İcmalı - 03.05.2026

icmal

Saat 17:00 - Xəbər İcmalı

"Bakı Marafonu 2026" başa çatıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026" bu gün saat 10:00-da start götürüb və yarışlar artıq başa çatıb. Sea Breeze ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək. Birinci yeri tutanlar 6 000 AZN mükafat alacaq. Maratonun diqqətçəkən nəticələrindən biri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu baş gizir Yusubova Annanın 42 kilometrlik məsafəni 2 saat 55 dəqiqə 52 saniyəyə qət edərək ikinci yeri tutması olub.


Paşinyan ATƏT-in baş katibi ilə görüşüb. Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Siyasi İcmasının İrəvanda keçiriləcək 8-ci iclası ərəfəsində ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunu qəbul edib. Görüşdə Ermənistan və ATƏT arasında əməkdaşlığın inkişafı müzakirə olunub.


Süni intellekt musiqisi streaming platformalarını doldurur. Süni intellekt tərəfindən yaradılan musiqi əsərləri streaming xidmətlərində getdikcə daha çox yayılır. Lakin araşdırmalar göstərir ki, bu yeni tendensiya nə musiqiçilər, nə də dinləyicilər arasında ciddi maraq doğurur. Platforma rəhbərləri səs sənətini avtomatlaşdırmağa can atsalar da, istifadəçilər bu məzmuna maraq göstərmir.


Tədqiqat: kofeinsiz qəhvə də beyin funksiyalarını gücləndirir. İrlandiyanın Cork Universitetində aparılan araşdırma kofeinsiz qəhvənin də bağırsaq sağlamlığı, əhval-ruhiyyə və koqnitiv performans üzərində faydalı təsirlərə malik olduğunu ortaya qoyub. Tədqiqatda gündə üç-beş fincan qəhvə içən 31 nəfərlə qəhvə içməyən 31 iştirakçının sağlamlıq göstəriciləri müqayisə edilib.