Xəbər İcmalı - 03.05.2026

icmal

Saat 08:00 - Xəbər İcmalı

ABŞ Yaxın Şərqə daha bir strateji kəşfiyyat PUA-sı yerləşdirib

ABŞ Hərbi Dəniz Qüvvələri İordaniyadakı Əl-Hüseyn Hava Bazasına daha bir "MQ-4C Triton" strateji kəşfiyyat pilotsuz uçuş aparatı yerləşdirib. Aparatın Siciliya adasındakı Siqonella Hava Bazasından gəldiyi bildirilir. Bu addım ABŞ-in İran ətrafında hərbi infrastrukturunu genişləndirdiyi bir dövrdə atılıb. Xatırladaq ki, İranın ABŞ-ə 14 bəndlik sülh təklifi göndərdiyi bir vaxtda Vaşinqton regionda hərbi varlığını artırmağa davam edir.


Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dili imtahanı verir

Dövlət İmtahan Mərkəzi mayın 3-də Azərbaycan dili (dövlət dili) fənni üzrə imtahan keçirir. İmtahanda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verəcək abituriyentlər iştirak edir. Ümumilikdə 29 mindən çox şagird və abituriyentin imtahanda iştirakı gözlənilir.


Şimali Koreya ABŞ-nin kibertəhdid ittihamlarını rədd edib

Koreya Xalq Demokratik Respublikası ABŞ-nin Pxenyan tərəfindən ehtimal olunan kibertəhdid barədə yaydığı bəyanatları əsassız və böhtan adlandırıb. Koreya Mərkəzi Teleqraf Agentliyi ölkənin xarici siyasət idarəsinin rəsmi nümayəndəsinə istinadən açıqlama yayıb. ABŞ hökuməti daha əvvəl öz dövlət strukturlarına yönəlmiş kiberhücumların Şimali Koreya mənşəli olduğunu iddia etmişdi.