Saat 17:00 - Xəbər İcmalı
Rusiya Ukraynanın Merefa şəhərinə raket zərbəsi endirdi - 6 ölü, 23 yaralı
Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Merefa şəhərinə endirdiyi raket zərbəsi nəticəsində 6 nəfər həlak olub, 23 nəfər yaralanıb. Xarkov vilayət prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, yaralılardan biri xəstəxanada müalicə alarkən vəfat edib və bu, ölənlərin sayını 6-ya çatdırıb.
ABŞ donanması Hörmüz boğazında 2 Amerika gəmisini müşayiət edib
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən Amerika bayrağı altında üzən 2 ticarət gəmisinin müvəffəqiyyətlə keçişini təmin etdiyini açıqlayıb. Keçid ABŞ donanmasının güdümlü raket destroyerinin istiqamətləndirməsi ilə həyata keçirilib. Xatırladaq ki, boğaz ətrafında son günlərdə gərginlik artmışdı və ABŞ bu gündən boğazdakı gəmilərin azad edilməsinə kömək edəcəyini elan etmişdi.
Türkiyənin vitse-prezidenti İrəvanda Paşinyanla görüşüb
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib. Görüş iki ölkə arasında əlaqələrin normallaşması istiqamətində atılmış addım kimi dəyərləndirilir.
Azərbaycanla BMT arasında WUF13 sazişi təsdiqlənib, Bakıda xüsusi hərəkət zolaqları yaradılır
Prezident İlham Əliyev 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Azərbaycan hökuməti və BMT arasında imzalanmış sazişi təsdiqləyib. Sənəd forumun təşkilati və maliyyə məsələlərini tənzimləyir. Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, forum çərçivəsində Bakının bir sıra küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti ilə Aerport şosesi arasında müvəqqəti xüsusi hərəkət zolaqları yaradılacaq.
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
3 may 2025-ci il tarixində keçirilmiş rezidenturaya qəbul üzrə baza fənləri imtahanının birinci cəhdinin nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanda iştirakı nəzərdə tutulan 1702 namizəddən 556-sı birinci mərhələnin müsabiqə şərtini ödəyib.
Çövkən millisi dünya çempionatına Bakıda hazırlaşacaq
Azərbaycan çövkən millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplaşmasına başlayır. Azərbaycan Atçılıq Federasiyasının məlumatına görə, hazırlığın birinci mərhələsi mayın 5-dən 20-dək davam edəcək.