Xəbər İcmalı - 06.05.2026

icmal

Saat 18:00 - Xəbər İcmalı

Samsung süni intellekt sayəsində 1 trilyon dollarlıq şirkətə çevrilib. Cənubi Koreyanın texnologiya nəhəngi Samsung çərşənbə günü 1 trilyon dollarlıq bazar dəyərinə çatıb, şirkətin səhmləri 10 faizdən çox artıb. Süni intellekt sahəsindəki sürətli inkişaf yaddaş çip istehsalına olan tələbatı kəskin artırıb ki, bu da Samsung-u həmin tarixi həddə çatdırıb. Samsung Asiyada bu göstəriciyə nail olan ikinci şirkətdir - birinci Tayvanın TSMC olub.


Ərdoğan Bakı ilə məsləhətləşmələrdən sonra Makronun tranzit təklifini rədd edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona Ermənistandan Türkiyənin quru sərhədini keçməyə icazə verməyib. Bu qərar rəsmi Bakı ilə aparılan danışıqlardan sonra verilib. Makron mayın 3-5-də İrəvanda səfərdə olub və Türkiyəyə keçid niyyətini bildirmişdi.


İran ABŞ-ın 14 maddəlik sülh təklifini dəyərləndirməyə davam edir. İranın Xarici İşlər Nazirliyi sözçüsü İsmayıl Bəkayi bildirib ki, Vaşinqtondan daxil olan tək səhifəlik sülh təklifi hazırda araşdırılır. Paralel olaraq, İranın xarici işlər naziri Abbas Əraqçi Çinin xarici işlər naziri Van İ ilə görüş keçirib və Pekinin regionda sülh prosesində fəal iştirakının davam etməsinə ümidvar olduğunu bildirib. Eyni zamanda, ABŞ Prezidenti Trump Hörmüz Boğazında başlatdığı hərbi əməliyyatı cəmi 50 saat sonra dayandıracağını elan edib.


Zelenski Macarıstanın "Oşadbank" vəsaitlərini qaytardığını açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib ki, Macarıstanın xüsusi xidmət orqanları tərəfindən əvvəllər müsadirə edilmiş "Oşadbank"a məxsus pul və qiymətli əşyalar Ukrayna ərazisinə geri qaytarılıb.


İndoneziyada ağır yol qəzası baş verib. Sumatra adasının Trans-Sumatra magistralında sərnişin avtobüsü ilə tanker toqquşub. Hadisə nəticəsində 16 nəfər həyatını itirib, 4 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Qəza Cənubi Sumatra vilayətinin Şimali Musi Ravaz rayonunda qeydə alınıb.


Dağıstanda hökumət dəyişikliyi baş verib. Rusiyanın Dağıstan Respublikasında regional hökumətin istefası barədə fərman imzalanıb. Hökumətə rəhbərlik müvəqqəti olaraq Məhəmməd Ramazanova həvalə edilib. Ramazanov əvvəllər Rusiyanın Şimali Qafqaz Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışırdı.