Xəbər İcmalı - 06.05.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

Tramp Hörmüz boğazından gəmi keçidini müvəqqəti dayandırır

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Hörmüz boğazından gəmilərin tranzitini təmin edən "Azadlıq Layihəsi" (Project Freedom) əməliyyatının müvəqqəti dayandırıldığını elan edib. Qərara görə, bu dayandırma İranla razılaşma üzrə danışıqlar başa çatanadək qüvvədə qalacaq. Xatırladaq ki, bir neçə saat əvvəl ABŞ "Epik Qəzəb" hücum əməliyyatının başa çatdığını bildirmişdi. BBC-nin şərhinə görə, Körfəzdə dörd həftəlik atəşkəs zəifləmə əlamətləri göstərir və tam müharibəyə qayıtma riski artır. İslamabadda keçirilən müzakirələrdən nəticə çıxmayıb, hər iki tərəf fərqli müqavilə şərtləri irəli sürür.


ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib

ABŞ hərbçiləri Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə edilən gəmiyə hücum edib. ABŞ Silahlı Qüvvələrin Cənub Komandanlığının yaydığı məlumata görə, zərbə nəticəsində üç nəfər həlak olub, ABŞ hərbçilərindən isə xəsarət alan olmayıb.


Arsenal 22 il sonra Çempionlar Liqası finalında

Arsenal Çempionlar Liqasının yarımfinalında Atletiko Madridi 1-0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Bukayo Sakanın birinci hissədə vurduğu qol matçın yeganə qolu olub. Mikel Artetanın komandası 22 il sonra yenidən Çempionlar Liqası finalına çıxmağı bacarıb. Final Budapeştdə keçiriləcək.


İsrail hərbçiləri Livanda Hizbullah tərəfindən atəşə tutulub

İsrail Ordusu Livanın cənubundakı hərbçilərinin Hizbullah silahlı dəstələri tərəfindən atəşə tutulduğunu bildirib. Mayın 5-də axşam saatlarında İsrail bölmələrinə tərəf iki dəfə raket atışı qeydə alınıb. Raketlər əsgərlərin yaxınlığında partlayıb.


Braziliyada məktəbə silahlı hücum - iki nəfər ölüb

Braziliyanın şimal-qərbindəki Akko vilayətində məktəbə silahlı hücum olub. Hadisə nəticəsində iki məktəb işçisi həlak olub, bir neçə şagird və müəllim yaralanıb. Atəş açan şəxsin 13 yaşlı oğlan olduğu müəyyənləşib, polis onu qısa müddətdə saxlayıb.


Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurası toplanır

Türk-Səudi Koordinasiya toplantısı bu gün Ankarada keçiriləcək. Toplantıya Türkiyə Xarici İşlər Naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri Şahzadə Faysal bin Ferhan ortaq başçılıq edəcək. Gündəlikdə diplomat pasaport sahibləri üçün viza muafiyəti məsələsi də yer alır.