Xəbər İcmalı - 07.05.2026

icmal

Saat 17:00 - Xəbər İcmalı

Çində iki keçmiş müdafiə nazirinə ertələmli ölüm cəzası verilib. Çin Hərbi Məhkəməsi rüşvətxorluq və korrupsiya ittihamları ilə mühakimə olunan iki keçmiş müdafiə naziri - Vey FençeLi Şanfu-ya 2 il müddətinə ertələnmiş ölüm cəzası təyin edib. Hər iki şəxs Mərkəzi Hərbi Komissiyanın və Dövlət Şurasının keçmiş üzvləri olub və ayrı-ayrılıqda mühakimə ediliblər. Bu, Çin rəhbərliyinin orduda korrupsiyaya qarşı apardığı geniş kampaniyanın ən yüksək səviyyəli nəticələrindən biridir.


Zelenskiy Rusiyanın atəşkəs rejimini pozmasına ciddi etiraz edib. Ukrayna Prezidenti Volodimir Zelenskiy mayın 6-da təklif etdiyi atəşkəsin Rusiya tərəfindən ağır hücumlarla pozulduğunu bəyan edib. Zelenskiy sosial şəbəkə hesabında Rusiya ordusunun gecə yarısından etibarən pilotsuz uçuş aparatları, raketlər və hava bombaları ilə hücumları davam etdirdiyini bildirib.


Azərbaycanda əməkhaqqı sahəsində gender bərabərliyi ilə bağlı qanun dəyişiklikləri təsdiq olunub. Prezident İlham Əliyev Əmək Məcəlləsində və gender bərabərliyinin təminatları haqqında qanunda dəyişiklikləri imzalayıb. Yeni dəyişikliklərə əsasən, işəgötürənlər eyni və ya bərabər dəyərli iş görən işçilərə cinsinə görə fərq qoymadan bərabər əməkhaqqı ödəməyə borcludur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu addımın ölkədə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun təmininə xidmət etdiyini bildirib.


Hantavirus təhlükəsi: kruiz gəmisindən Müqəddəs Yelena adasına çıxan sərnişinlər axtarılır. Hantavirus xəstəliyinin yayıldığı kruiz gəmisindən onlarla sərnişin Cənubi Atlantika okeanında yerləşən Müqəddəs Yelena adasına çıxıb. Sərnişinlər arasında sonradan vəfat edən bir qadın da var. Hollandiya hökuməti və gəminin operatoru hadisəni təsdiq edib. Eyni zamanda, Amsterdamda "KLM" aviaşirkətinin stüardessası virusla yoluxmuş qadınla təmasdan sonra xəstəxanaya yerləşdirilib.


33 ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətləri alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi 33 ukraynalı tələbəni Azərbaycana gətirərək 8 günlük sosial-psixoloji reabilitasiya proqramı təşkil edib. Bundan əlavə, "Ağdaş" yarımstansiyasında Batareya Enerji Saxlama Mərkəzinin yaxın müddətdə istismara verilməsi planlaşdırılır - bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev məlumat verib.