Xəbər İcmalı - 09.05.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

BMT Hörmüz boğazında gərginlikdən narahatdır

BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında İran və ABŞ arasında yarana biləcək hərbi toqquşmadan narahatlığını bildirərək tərəflərə çağırış edib. Təşkilatın rəsmi nümayəndəsi Stefan Dujarrik açıqlama verərək bildirib ki, bu gərginlik dolu an bütün tərəflərdən maksimum təmkinlik tələb edir.


İsrail "Hizbullah"ın 85-dən çox hədəfini vurub

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Livanın cənubunda "Hizbullah" qruplaşmasının 85-dən çox obyektinə hava zərbələri endirib. Hücumlar silah anbarları, raket sistemləri və qruplaşmanın istifadə etdiyi infrastruktura yönəldilib.


Azərbaycan nefti 4 faizə yaxın bahalaşıb

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 4,43 dollar artaraq 109,98 dollara çatıb ki, bu da 4,2 faiz artıma uyğundur. Beynəlxalq bazarda "Brent" markalı neftin iyul fyuçersləri isə 104,72 dollar səviyyəsində qiymətləndirilir.


ABB səhmdarlarına 200 milyon manat dividend ödəyəcək

Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının ümumi yığıncağı mayın 7-də keçirilib. Yığıncaqda bankın 2025-ci il maliyyə hesabatı təsdiqlənib və ötən ilin mənfəətindən 200 milyon manat məbləğində dividend ödənilməsinə qərar verilib.


Paytaxt və regionlarda qanunsuz silah-sursat aşkarlanıb

Polis əməkdaşları mayın 8-də Bakı və respublikanın müxtəlif rayonlarında geniş əməliyyat keçirib. Əməliyyat zamanı 3 avtomat, 2 tapança, 5 tüfəng, 4 patron darağı və 219 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.


İranın qərbində 4,2 bal gücündə zəlzələ olub

İranın Lorestan vilayətinin Kuhdəşt rayonunda yerli vaxtla 07:43-də 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələ 7 km dərinlikdə qeydə alınıb. Hadisə barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.