Saat 13:00 - Xəbər İcmalı
Pakistanda polis bölməsinə intihar hücumu nəticəsində 12 polis həlak olub. Pakistanın Hayber Paxtunxva əyalətinin Bannu rayonunda yerləşən Fateh Khel polis bölməsinə qarşı intihar hücumu təşkil edilib. Partlayıcı maddə ilə doldurulmuş avtomobil polis bölməsinə yönəldilib. Hücum nəticəsində 12 polis əməkdaşı həyatını itirib, daha 3 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri ərazidə əməliyyat keçirir.
Dövlət və hökumət rəsmiləri Ümummilli Lider Heydər Əliyevin 103-cü doğum ildönümü münasibətilə Fəxri xiyabanı ziyarət ediblər. Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və digər yüksək vəzifəli şəxslər Ulu Öndərin məzarını ziyarət edərək xatirəsini anıblar. Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də səfirlik əməkdaşları ilə birlikdə Fəxri xiyabana gələrək Heydər Əliyevin müasir ideyalarının və dövlətçilik baxışlarının hər zaman yolgöstərici olduğunu bildirib.
Elm və təhsil naziri Emin Əmrullayev azad olunmuş ərazilərdə təhsilin bərpası ilə bağlı açıqlama verib. Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə məktəblər Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin geri dönüşünə paralel olaraq mərhələli şəkildə fəaliyyətini bərpa edir. Əmrullayev həmçinin bu il ölkə üzrə 100-dən çox modul tipli məktəbin tikintisinin nəzərdə tutulduğunu və distant təhsil modeli üzərində işlərin aparıldığını açıqlayıb.
İqlim dəyişikliyi minlərlə bitki növünü məhv olmaq təhlükəsi ilə üzləşdirir. ABŞ və Böyük Britaniyada aparılan tədqiqatlara görə, 2100-cü ilə qədər iqlim dəyişikliyinin nəticəsində on minlərlə bitki növü yox ola bilər. ABŞ-da həyata keçirilən araşdırmada alimlər kompüter modelləştirməsindən istifadə edərək dünyadakı bitki növlərinin 18 faizinin ciddi təhlükə ilə üzləşəcəyini proqnozlaşdırıblar.