Saat 8:00 - Xəbər İcmalı
ABŞ-İran danışıqlarında yeni mərhələ: Trump müzakirəçilərə tələsməməyi tapşırıb. ABŞ Prezidenti Donald Trump danışıqlar qrupuna İranla sazişə tələsməmələrini bildirib. Prezident sosial media platformasında "Xəta olmamalı!" deyə qeyd edib və danışıqların konstruktiv şəkildə irəlilədiyini, lakin hər iki tərəfin vaxt ehtiyacı olduğunu vurğulayıb. Eyni zamanda, Ağ Saray rəsmisi Amerikan mediasına açıqlama verərək sazişin bu gün imzalanmasının gözlənilmədiyini, İran tərəfindəki təsdiq prosesi səbəbindən danışıqların bir neçə gün daha davam edə biləcəyini bildirib. Rəsmi şəxs qeyd edib ki, sazişin mətnində bəzi detallar hələ razılaşdırılmalıdır və prosesin istənilən anda dağıla biləcəyi ehtimalı da var.
"Hizbullah" İsrailə qarşı 28 əməliyyat keçirdiyini açıqlayıb. "Hizbullah" silahlı qruplaşması "Telegram" kanalında yayımladığı bəyanatda bildirib ki, onun döyüşçüləri son 24 saat ərzində qarşı tərəfin atəşkəs rejimini pozmasına cavab olaraq İsrail qoşunlarına qarşı 28 silahlı əməliyyat həyata keçiriblər.
Konqoda Ebola virusuna yoluxma ehtimalı olan halların sayı 900-ü keçib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus açıqlayıb ki, Konqo Demokratik Respublikasında epidemioloji nəzarətin genişləndirilməsi nəticəsində Ebola virusuna yoluxma şübhəsi olan halların sayı 900-ü ötüb. Bu rəqəmlərə 101 təsdiqlənmiş yoluxma halı da daxildir.
Filippində tikinti faciəsi: üç nəfər həlak olub, 18 nəfər itkin düşüb. Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın çökməsi nəticəsində üç nəfər həlak olub. "GMA News" televiziyasının məlumatına görə, hadisə mayın 24-dən 25-nə keçən gecə baş verib. Daha 18 nəfər itkin düşmüş hesab olunur.
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 119 ailə olmaqla 535 nəfər köçürülüb. Qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Çinin mərkəzi və şərq bölgələrində sel təhlükəsinə görə fövqəladə xəbərdarlıq verilib. Çin Su Ehtiyatları Nazirliyi və Çin Meteorologiya İdarəsi güclü cəbhə yağışları səbəbindən narıncı səviyyəli xəbərdarlıq elan edib. Anhui əyalətinin qərb hissəsi və Hubey əyalətinin şərq hissəsindəki yaşayış məntəqələri xüsusilə təhlükə altındadır.