Saat 10:00 - Xəbər İcmalı
ABŞ və Ermənistan arasında memorandum imzalanacaq
ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İrəvanda anlaşma memorandumu imzalayacaqlar. ABŞ Dövlət Departamentinin rəsmi bəyanatına əsasən, Rubio-Mirzoyan görüşü Bakı vaxtı ilə saat 15:30-da başlanacaq, sənədin imzalanma mərasimi isə 16:00-da keçiriləcək.
Bakı-Tbilisi sərnişin qatarı altı illik fasilədən sonra ilk reysi tamamladı
Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarlarının hərəkəti altı illik fasilədən sonra bərpa olunub. Dünən saat 23:10-da Bakıdan yola düşən qatar bu gün saat 09:04-də Tbilisinin Dəmir Yolu Vağzalına çatıb. Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani də iştirak edib.
İran Prezidenti internet məhdudiyyətlərinin aradan qaldırılmasını təsdiq etdi
İran Prezidenti Məsud Pezeşkiyan internet şəbəkəsinin beynəlxalq səviyyədə açılması ilə bağlı qərarı imzalayıb. Sənəd Prezident Birinci Müavini Məhəmməd Rıza Arif rəhbərliyində fəaliyyət göstərən "Virtual Məkanı Tənzimləmə" qurumu çərçivəsində icra olunacaq.
Tokioda ticarət mərkəzində zəhərli sprey səpələnib - 19 nəfər xəstəxanaya yerləşdirilib
Yapon paytaxtı Tokioda naməlum şəxs ticarət mərkəzində ATM cihazları yaxınlığında təhriş edici sprey səpələyib. Hadisə nəticəsində 19 nəfər xəstəxanaya yerləşdirilib. Səbəb olan maddənin acı bibər spreyi olduğu ehtimal edilir.
2027-ci ildən buraxılış imtahanlarında xarici dildə mətn yazmaq tələb olunacaq
Dövlət İmtahan Mərkəzi açıqlayıb ki, 2027-ci ildən etibarən ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında şagirdlərdən xarici dil üzrə minimum 100 sözdən ibarət kiçik həcmli mətn yazmaları tələb olunacaq.
FHN bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və 28 May Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu barədə əmr imzalayıb. Qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə sürətli reaksiya verilməsi təmin ediləcək.