Xəbər İcmalı - 27.05.2026

icmal

İran və ABŞ arasında Hürmüz boğazı ilə bağlı razılaşma əldə olunub

İran və ABŞ arasında aparılan qeyri-birbaşa danışıqlarda qeyri-rəsmi razılaşma layihəsinin təfərrüatları müəyyənləşib. İran mediasının yaydığı məlumata əsasən, razılaşma çərçivəsində ABŞ hərbçiləri ölkə sərhədlərindən geri çəkiləcək və İrana qarşı tətbiq edilən blokada aradan qaldırılacaq. İran Dövlət Televiziyası bildirir ki, rəsmi Tehran bir ay müddətində Hürmüz boğazında kommersiya dəniz nəqliyyatının fəaliyyətini münaqişədən əvvəlki səviyyəyə qaytarmağa hazırlaşır.


Azərbaycanın İtaliya və Türkiyəyə qaz ixracının həcmi açıqlanıb

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycandan İtaliyaya 844,370 milyon ABŞ dolları dəyərində 2,128 milyard kubmetr təbii qaz ixrac edilib. Hesabat dövründə Azərbaycanın Türkiyəyə təbii qaz ixracı isə 2,339 milyard kubmetr həcmində gerçəkləşib. Türkiyəyə göndərilən qazın dəyəri 612 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6,3 faiz azdır.


Çin süni intellekt mütəxəssislərinin xaricə gedişinə məhdudiyyət qoyur

Çin hökuməti ölkənin qabaqcıl süni intellekt tədqiqatçılarının, startap təsisçilərinin və özəl şirkət rəhbərlərinin xarici ölkələrə səfərlərinə ciddi məhdudiyyətlər tətbiq etməyə başlayıb. Pekin administrasiyası bu addımı həm iqtisadi üstünlükləri qorumaq, həm də milli təhlükəsizliyi təmin etmək məqsədilə atır. Yeni qaydalar birbaşa yüksək texnologiya sahəsində çalışan özəl sektor nümayəndələrinə şamil edilir.


İsrail məhkəməsi Netanyahu-nun davasının təxirə salınması qərarını qəbul edib

İsrail məhkəməsi Baş Nazir Binyamin Netanyahunun bu gün keçirilməsi nəzərdə tutulan yolsuzluq davası duruşmasının ləğv edilməsi barədə müraciətini qəbul edib. Qərar Netanyahunun hüquq müşaviri Amit Hadadın məhkəməyə etdiyi rəsmi müraciətdən sonra çıxarılıb və bu gün keçirilməli olan iclas təxirə salınıb.


Niderlandın 2026-cı il Dünya Çempionatı üçün heyəti müəyyənləşib

Niderland milli komandasının 2026-cı ildə keçiriləcək FİFA Dünya Çempionatında mübarizə aparacaq namizəd heyəti rəsmən açıqlanıb. Baş məşqçi Ronald Kumanın rəhbərliyi altında turnirə yollanacaq 26 nəfərlik heyətdə ötən mövsümü Türkiyədə keçirmiş futbolçular da yer alıb. Turnirdə Niderland millisi F qrupunda çıxış edəcək.