🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Azərbaycan futbol tarixinin ən vacib qələbəsi

02.10.2020 06:31 383 baxış sayı 7 dəq. oxuma
Azərbaycan futbol tarixinin ən vacib qələbəsi

Zaur Xudiyev yazır...

Müstəqillik dövrü futbolumuz o qədər uğurlu olmasa da, son 25-30 ildə bir neçə vacib məqamda üzümüzün güldüyü də olub.

Hərçənd belə qələbələrin, uğurların sayı iki əlin barmaqlarının sayını güclə keçəcək qədər olsa da, uğurlu oyunlarımız, vacib qələbələrimiz var.

Milli komandamızın İsveçrə üzərindəki ilk ev qələbəsi, “Neftçi”nin Birlik Kubokunda Ermənistan “Pünik”ini əvvəlcə meydanda udması, sonrakı il meydandan qaçmağa məcbur etməsi, elə həmin "Neftçi"nin Kiprdə APOEL-ə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə yüksəlməsi, “Qarabağ”ın bugünkü uğurlu marafonunun başlanğıc nöqtəsi olan Norveç “Rusenburq”u üzərində qələbəsi, elə həmin “Qarabağ”ın “Kopenhagen”i keçərək azərbaycanlı futbolsevərlərə heç zaman görmədiyi, dadmadığı, dünyanın ən güclü klub turniri olan Çempionlar Liqasının qrup mərhələsinin sevincini yaşatması... Siyahını uzatmaq da olar, amma söhbət ən vacib, ən əhəmiyyətli, mənəvi-psixoloji baxımdan ən lazımlı qələbədən gedirsə, bundan o tərəfə sadalayacağımız, məşhur mahnıda da deyildiyi kimi, ya bir olar, ya iki.
Amma dünən gecə qazanılan Polşa zəfəri elə bir zamanda, elə bir anda, elə bir məqamda əldə olundu ki, misli-bərabəri olmayan bir sevinc yaşatdı.

Bir azca əvvələ səyahət edək...

Çempionlar Liqasının lll təsnifat mərhələsində Norveç təmsilçisi “Molde”yə məğlubiyyətdən sonra əhval-ruhiyyəsi, yumşaq desək, yerində olmayan “Qarabağ”ın xüsusilə də səfər matçından uğurlu nəticə ilə dönəcəyi bir çox futbolsevərə şübhəli gəlirdi. Elə “Qarabağ” özü də milli çempionatda əvvəlcə “Neftçi”yə uduzub, ardınca “Sumqayıt” qarşısında son anda məğlubiyyətdən qaçmaqla şübhələri xeyli artırmışdı.

Amma necə deyərlər, sən saydığını say, gör, fələk nə sayır...

Ötən gecə meydanda fırtına kimi bir “Qarabağ” var idi. Meydanın hər qarışı uğrunda döyüşən, aqressiv pressinqlə rəqibə göz açmağa imkan verməyən, sağdan, soldan, mərkəzdən hücumlar quran, elə təkcə ilk hissədə 3-4 real qol şansını boşa verən, bununla belə, ruhdan düşməyən, israrla daha çoxunu istəyən, rəqibi demək olar ki, bütün komponentlərdə üstələyən komanda vurduğu bir-birindən gözəl üç qolla haqqı olan qələbəni də, qrup mərhələsinə vəsiqəni də qazandı.

Həm də heyətdəki bu qədər itkiyə rəğmən.

Bəs yaxşı, “Molde” ilə oyundan bu yana nə dəyişmişdi?

Əlbəttə ki, psixoloji vəziyyət!

Bəhs etdiyimiz oyundan fərqli olaraq bu dəfə mənəvi, psixoloji üstünlük tamamilə "Qarabağ"ın tərəfində idi.

“Molde” ilə matçdan öncə norveçlilərin cığallığı, UEFA-nın ikili standartları səbəbindən haqqı olan doğma meydan üstünlüyünü əlindən verən və stadiondan öncə masada uduzan “Qarabağ” sözügedən qarşılaşmaya da psixoloji olaraq ən az 0:2 geridə başlamışdı. Biz onlardan “comeback” gözləsək də, komandanın buna nə mental, nə də fiziki gücü çatdı.

Lakin “Legiya” ilə oyundan öncə hər şey, hər kəs, bütün şərtlər, bütün mənəvi, psixoloji, fiziki, mental, coğrafi, hətta deyərdim sportiv amillər də “Qarabağ”ın xeyrinə idi.

Sentyabrın 27-də ermənilərin mülki əhalini bombalamasına qarşı Qarabağda cəbhənin bütün istiqamətlərində əks-hücuma keçən və 4 gündə böyük üstünlük qazanmış, 7 kəndi işğaldan azad etmiş ordumuzun şücaəti “Qarabağ” üçün əsl motivasiya mənbəyi oldu. Adını daşıdığı torpaqlar uğrunda gedən savaşlarda əldə olunan uğurlardan daha böyük hansı mənəvi dəstək, hansı ruh yüksəkliyi, hansı motivasiya ola bilər ki?

Doğulduğu, amma erməni işğalı səbəbindən böyüyüb-boya başa çata bilmədiyi kəndi bir neçə gün öncə işğaldan azad edilmiş Qara Qarayevə bu ruh yüksəkliyi ilə meydanda kimi mane ola bilərdi ki?

Ordumuz döyüş meydanında cəbhədə, ölkə başçısı siyasət meydanında, “Qarabağ” isə futbol meydanında “Qarabağ Azərbaycandır və nida!” deyir!

Şübhəsiz ki, ötən gecə qazanılan qələbə Azərbaycan futbol tarixinin ən vacib, ən lazımlı, qələbəyə ən çox ehtiyacımız olduğu, ən doğru zamanda qazanılmış uğurdur!

Bu zəfəri, bu sevinci bizə yaşadan komandir Qurban Qurbanova və onun əsgərlərinə salam olsun, eşq olsun!

Paylaş: