ABŞ sehrbazı əlindəki mikroçipin şifrəsini unutdu - Özünü "Sayberpank Distopiyası"nda hiss edir

02.12.2025 06:15 5 baxış sayı 3 dəq. oxuma Haberler
ABŞ sehrbazı əlindəki mikroçipin şifrəsini unutdu - Özünü "Sayberpank Distopiyası"nda hiss edir

ABŞ-ın Missuri ştatında yaşayan sehrbaz və molekulyar bioloq Zi Tenq Vanq (səhnə adı: "Zi the Mentalist") illər əvvəl əyləncə məqsədilə əlinə yerləşdirdiyi mikroçip ucbatından qəribə bir vəziyyətlə üzləşib. Vanq bu texnologiyaya daxil ola bilmədiyini elan edərək, bunun səbəbinin şifrəni unutması olduğunu bildirib. O, Facebook səhifəsində bu hadisəni yumorla şərh edib: "Tamamilə öz səhvimdən qaynaqlanan kiçik bir "sayberpank distopiyası" yaşayıram."


Vanq paylaşımına baş barmağı ilə işarət barmağı arasında duran çipi əks etdirən rentgen şəklini də əlavə edib. Bu qeyri-adi hadisə bədənə yerləşdirilə bilən texnologiyaların nadir hallarda müzakirə edilən risklərini yenidən aktuallaşdırıb. Belə hallar, məsələn, şirkətlərin bağlanması, məhsulların istifadədən çıxması və ya Vanqın başına gəldiyi kimi, istifadəçinin şifrəni yaddan çıxarması nəticəsində bu cür texnologiyalara girişin tamamilə itirilməsi riskini göstərir.


Vanq bu RFID (Radio Tezlikli İdentifikasiya) cihazını bir neçə il əvvəl səhnə şoularında istifadə etmək üçün əlinə yerləşdirmişdi. O, tamaşaçıların telefonlarını əlinə yaxınlaşdırması ilə işə düşən bir effektlə "sirli" illüziya yaratmağı planlaşdırırdı. Lakin bu sehrbazlıq nömrəsi gözlədiyi nəticəni vermədi. Çünki izləyicilər telefonlarını dəfələrlə onun əlinə sıxmalı olurdu və ən əsası, çox insanın telefonunda RFID oxuyucusu aktiv deyildi. Ən pisi isə, öz telefonundan istifadə etmək nömrənin sehrini tamamilə yox edirdi.


Səhnə çıxışlarında istədiyi nəticəni ala bilməyən Vanq, daha sonra çipi yenidən proqramlaşdıraraq onu bir Bitcoin ünvanına və Imgur saytındakı bir "meme" (komik şəkil) görüntüsünə yönəltdi. Lakin bir neçə il əvvəl bu Imgur bağlantısı sıradan çıxdı. Vanq çipi yenidən proqramlaşdırmaq istəyəndə isə qarşısına ciddi bir maneə çıxdı: O, giriş şifrəsini tamamilə yaddan çıxarmışdı. Bu talihsiz təcrübə, getdikcə daha çox tətbiq edilən implant texnologiyalarının, o cümlədən istifadəçi səhvləri də daxil olmaqla, bir çox cəhətdən risklər daşıdığını bir daha açıq şəkildə gözlər önünə sərir.


Qeyd edək ki, RFID, əşyaları radio dalğaları ilə avtomatik tanıyan bir sistemdir. Üç əsas hissədən ibarətdir: içində çip və anten olan "etiket" (insan bədəninə iynəyə bənzər alətlə yerləşdirilir və əksər hallarda enerji mənbəyinə ehtiyac duymur); etiketi oxuyan və məlumatları toplayan "oxuyucu"; və məlumatı emal edən "veri sistemi". Bu texnologiya market məhsullarından tutmuş bina giriş kartlarına və ev heyvanlarının çiplərinə qədər müxtəlif sahələrdə istifadə olunur.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: