1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383 test icra olunub. Eyni zamanda analiz nümunələri müsbət çıxan 43 nəfər isə vəfat edib.
Qeyd edək ki, Azərbaycanda koronavirusla bağlı yoluxanların sayında müşahidə edilən azalma test sayının azalması ilə əlaqələndirilir. Sosial şəbəkədə insanlar COVID-19 qurbanlarının sayının azalmamasını bunun bariz nümunəsi kimi təqdim edirlər.
Bəs, koronavirusla bağlı reallıq nədən ibarətdir? Yoluxanların sayı azalsa da, ölənlərin sayı niyə azalmır? Bu suala Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev cavab verib.
Professor bildirib ki, ölüm sayının azalmamasının səbəbi ən çox xəstələrin evdə olması ilə bağlıdır: "Evdə qalmaq, həkimə vaxtında müraciət etməmək və özbaşına müalicə olunmaq mövcud vəziyyəti ağırlaşdırmış olur.
Xəstəxanaya vaxtında yerləşdirilən xəstələrdə bu hadisələr baş vermir. Təbii ki, olaya fərqli yanaşmaq və analiz etmək lazımdır. Ola bilər ki, bizdə poliklinika xidməti daha da gücləndirilməlidir ki, evdə olan xəstələr ciddi kontrol altında olsun. Xəstələrlə telefon bağlantısı olmalı, ciddi şəkildə diqqət göstərilməlidir.
Əgər ailə üzvlərinin birində COVID-19 virusu varsa, ondan nümunə alınırsa, mütləq digər ailə üzvlərindən də götürülməlidir".