19.01.2021 14:28
6 abunə
317
Azərbaycanın daha bir rayonunda COVID-19-a qarşı vaksinasiyaya başlanıldı -
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında əhalinin COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb.
Rayon mərkəzi xəstəxanasının infeksion şöbəsinin binasında təhlükəli virusa qarşı mübarizə məqsədilə 4 xüsusi vaksin otağı, o cümlədən peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvəndlənəcək. Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.
Peyvəndin əks təsirinin olmadığını bilən tibb işçiləri ilk olaraq bu aksiyaya özləri könüllü qoşulublar. Qeyd edək ki, rayonda 715 tibb işçisi var.