🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” - “New-York Times” Bərdədə + Fotolar

29.10.2020 06:48 484 baxış sayı 8 dəq. oxuma
“Bacısı Fuadın əlindən öpüb ağlayırdı” -

ABŞ-ın “The New York Times” qəzeti Bərdə terroru barədə geniş material hazırlayıb.

Məqalənin müəllifi Şarlotta Qall bildirib ki, iki ölkə arasında münaqişə hələ 80-ci illərin sonlarında başlayıb. Belə ki, Ermənistan bir milyona yaxın azərbaycanlını öz evlərindən didərgin salıb, ərazi istilalarına nail olub. İndi isə Azərbaycan öz ərazilərini geri qaytarmaq üçün genişmiqyaslı əks-hücum həyata keçirir.

Jurnalistin sözlərinə görə, ilk partlayış onlardan 20 metr aralıda baş verib.

“İlk partlayış bizi maşını dayandırmağa məcbur edəcək qədər güclü idi. Yaxın görünürdü və bir raket kimi səslənirdi, buna görə cəld divarın altına atıldıq və əyildik. Daha sonra anladım ki, dayanmasaydıq, yoldan 20 metr irəlidə birbaşa partlayışlardan birinin ortasına girirdik”,- deyə o qeyd edib.

Jurnalist bildirir ki, Azərbaycanda cəbhəyə yaxın bir sıra yaşayış məntəqələri demək olar ki, gündəlik raket zərbələrinə məruz qalıb: “Cəbhədən bir az aralıda yerləşən Bərdəyə hücum olunması isə gərginliyin artdığını göstərir”.

“Görürsən, ermənilər bizə nə edir?!”, - deyə 55 yaşlı Kamil Kərimov soruşur.

“Burada hərbçilərdən kimisə görürsən? Bunu niyə edirlər? Burda yalnız mülki insanlar görürsən. Xaos yaratmaq istəyirlər”.

Klinikanın zirzəmisində sığınacaq alan 44 yaşlı kardioloq Yaqubiya Həmidova buranın daha təhlükəsiz olacağını düşünərək cəbhə bölgəsindəki Tərtərdən gəldiyini söyləyib: “Xahiş edirəm bizə kömək edin. Dünyada heç kim bizə nə olduğunu bilmir”.

“New- York Times”ın əməkdaşı Bərdədə baş verən terror aktı bütün dəhşəti ilə dilə gətirib:

“Bayırda, yolayrıcında maşın hələ də tüstülənirdi. Qan səkiyə, ofis binasının qapısına yayılmışdı. Bombaların zərərsizləşdirilməsi üzrə zabitlər kombinezon və kaskada partladılmış döyüş sursatlarının üzərində dayanmışdılar”.

31 yaşlı idman müəllimi Fuad İsmayılov anasının evinin qapısının önündə həlak olmuşdu. Bacısı kədər içində, üzünə qan ləkəsi düşmüş halda onun əlindən öpüb ağlayırdı.

“O bizə nəsə baş verdiyini söyləməyə gəldi və bu zaman həlak oldu”,- deyə mərhumun anası Təbiət İsmayılova qeyd edib.

Təbiət İsmayılova Ermənistandan gələn azərbaycanlı qaçqın olduğunu bildirib: “Hər kəsi itirmişəm, indi də bu”.

Oğlunu bu yaxınlarda evləndirməyə hazırlaşan və bunun üçün evini təmir etdirən T. İsmayılova “Mən sülh istəyirəm. İstəmirəm ki, kimsə bundan əziyyət çəksin”,- deyə qeyd edib.

Nəşr yazır: “Hökumət Bərdə şəhərinə raket zərbəsi nəticəsində 21 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını açıqlayıb. Raketlərin Rusiya istehsalı olan “SMERÇ” yaylım atəş raket sistemindən atıldığı və klaster bombalarından istifadə edildiyi bildirilib. Klaster bombaları yaşayış məskənlərində mülki vətəndaşlara təhlükə doğurduğu üçün bir çox ölkədə qadağan olunub”.

Səhər Bərdədə başqa bir raket hücumunun qurbanlarının dəfn olunduğu Qarayusifli kəndini ziyarət etdik. Hücum nəticəsində 7 yaşlı bir qız da daxil olmaqla 4 nəfər həlak olub və 10-dan çox insan yaralanıb.

Bərdədə şəhər xəstəxanasında müalicə olunan yaralılardan bəziləri əvvəlcə bir qədər məsafədə partlayış eşidib, daha sonra isə üzərilərinə kaset bombaları düşdüyünü görüblər.

18 yaşlı Zərgəlam Əliyeva ilk partlayışın raketi zərərsizləşdirən hava hücumundan müdafiə sistemi olduğunu düşündüyünü bildirib: “Toplu bombaların endiyini eşitdik. Daha sonra üzərimizə qəlpə yağdırmağa başladılar səsi eşidəndə yerə uzandım”.

Onun yan yataqda uzanan rəfiqəsi, 15 yaşlı Aysun İsmayılova isə daha ağır xəsarət alıb.

Bir başqa yaralı olan 17 yaşlı Elnurə Kərimova “Kəndimizi atəşə tutacaqlarına inana bilmirdik, çünki burada hərbçilər yox, yalnız mülki insanlar var”,- deyə qeyd edib.

 


Paylaş: