Ölkədə tətbiq olunan karantin rejimi qaydalarına zidd olaraq, paytaxt ərazisində yerləşən “Hollywood” restoranında məclis təşkil edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Daxili İşlər Nazirliyi (DİN) tərəfindən nəzarətə götürülüb.
DİN-dən verilən məlumata görə, aparılan araşdırmalarla beş nəfərlik məclisin adıçəkilən restoranda deyil, Nəsimi rayonundakı ofisdə onun icarədarı tərəfindən təşkil edildiyi məlum olub.
Məclisin təşkilatçısı və iştirakçıları müəyyən edilərək, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Belə ki, ofisin icarədarı İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 10 sutka həbs edilib, digər dörd nəfər isə 400 manat cərimə olunub.