23.06.2020 07:01
6 abunə
490
Bakıda vəzifəli şəxsi maşınla vurub öldürən sürücü tutuldu - RƏSMİ
Baş Prokurorluq paytaxtın Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Bildirilib ki, iyunun 23-də, saat 1 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində qəza xidməti ilə əlaqədar aparılan təmir işləri zamanı Nərimanov rayonu Su-Kanal İdarəsinin Qəza-Bərpa xidmətinin sahə rəisi, 1967-ci il təvəllüdlü Əlqamət Zeynalovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İstintaqla hadisənin “Mercedes” markalı 99-VJ-026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, paytaxt sakini 1986-cı il təvəllüdlü Seymur Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq, törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.