🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakının avtopark ''DƏRDİ'' - Problemdən çıxış yolu nədir? / ARAŞDIRMA

15.09.2020 12:13 397 baxış sayı 11 dəq. oxuma
Bakının avtopark ''DƏRDİ'' -

Bakıda avtomobillərin yol kənarlarında park olunmasının qadağan edilməsi müsbət qarşılansa da, insanların bir qismi bundan əziyyət çəkir.

Mağazadan bir butulka su almaq üçün avtomobili park etməyə yer tapmayan sürücü məcbur olub onu yol kənarında saxlayır.

Geri qayıdanda isə ya avtomobilini ya park etdiyi yerdə görmür ya da cərimə ilə üz-üzə qalır.

Bu məsələ ilə bağlı sürücülər şikayət edirlər ki, nəqliyyat müfəttişləri bilmirlər ki, hansı hallarda cərimə yazıla bilər. Sadəcə, öyrəniblər ki, sürücü saxladısa, cərimə yazılmalıdır.

Paytaxtda sürücülərin dayanma-durma qaydalarını pozması ilə bağlı cərimələrin yazılması səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsindən sonra kütləvi narazılıqlar başladı.

Buradan bir sual meydana gəlir. Şəhərdə hansı parkinq yerləri açılıb ki, sürücü gəlib maşını orada saxlasın?

Əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, tikinti şirkətləri ərazidə iş aparan zaman orada yaşayan sakinlərin sayı qədər maşın saxlaya bilmək üçün yeraltı avtoparkların tikilməsində maraqlı olmalıdırlar.

 

 

“Bugün Bakı şəhərində sıx ərazilərdə demək olar ki, iaşə obyektləri yerləşir. Əksər kafe-restoran, dövlət idarələri, böyük ticarət obyektləri, bankların yerləşdiyi həmin ərazilərdə avtomobilləri park etmək üçün avtodayanacaqlar yoxdur. Vətəndaş həmin ərazidə hansısa bir iş üçün beş dəqiqəlik avtomaşını saxlamaq istəyəndə BNA və yol polisinin cəriməsi ilə üz-üzə qalır. Kəsilən cərimənin məbləği də az deyil.

Bakıda infrastruktur günü-gündən böyüyüb inkişaf edir. Yeni çoxmərtəbəli binalar tikilib istifadəyə verilir. Şəhər ərazisində avtomaşınlar çoxaldıqca avtodayanacaqların tikintisinə ehtiyac labüd olur.’’

Elnur Fərzəliyev bildirdi ki, tikintisinə icazə verilən istər yaşayış binası istərsə də hər hansı bir iaşə obyektinin qarşısında və ya zirzəmisində avtoparkların tikintisi şərt kimi qoyulmur.

“Bina tikilirsə mütləq şəkildə mənzil sayına uyğun avtomobil dayanacağı olmalıdır. Bu şərt böyük obyektlər ticarət mərkəzlərinin və bank kimi iaşə obyektlərinin tikintisi üçün də xarakterik olmalıdır. Hər bir vətəndaş sürdüyü avtomobili park edə bilmək üçün həmin ərazidə dayanacaq tapmalıdır. Əgər dayanacaq yoxdursa vətəndaş çıxılmaz vəziyyətdə qalıb yol kənarda maşını saxlamalı olub və bu səbəbdən də cərimə edilirsə artıq onun hüquqları pozulmuş sayılır.’’

Ekspert Elnur Fərzəliyev bildirdi ki, kifayət qədər gəlirli sahə sayılan avtodayanacaqların tikintisə bələdiyyələr də maraq göstərə bilərlər.

“Xüsusi qurğular var ki, külli miqdarda vəsait tələb etmədən həmin avtoparklar tikilib şəhərin mərkəz küçələrində yerləşdirilərsə bu sürücülərin avtomaşını park edə bilməmə probleminin həllinə şərait yarada biləcəkdir.’’

Bu məsələnin Bakının ən böyük avtonəqliyyat problemlərindən olduğunu bildirən nəqliyyat üzrə eskpert Eldəniz Cəfərov Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, Bakı şəhərində nizamsız tikililər şəhər ərazisində nəqliyyatın hərəkətində də problem yaradıb.


“Bakı şəhərində tikinti özbaşnalığı o həddə çatıb ki, şəhərdə avtopark tikintisi üçün yerlər təyin etmək çətinləşib. Bakı Nəqliyyat Agentliyi bir müddətdir ki, avtoparkların tikintisi ilə bağlı layihələr hazırlayır.

Hətta BNA modul tipli avtoparkların təşkili haqqında düşünüb müxtəlif layihələr planlayır. Hal-hazırda bu məsələ ilə bağlı konkret işlər aparılır. Düşünürəm ki, yaxın vaxtlarda maraqlı bir təklif ilə problemin həlli üçün çıxış yolu tapılacaqdır.”

Hazırda bir qrup şəxs tərəfindən qanunsuz şəkildə yolları zəbt edib avtodayanacaq yaradanlar barədə danışan ekspert bildirdi ki, əgər avtomobil saxlamaq üçün yerlər təşkil olunarsa bu məsələ də həllini tapmış olacaqdır.

“Avtoparkların tikilib istifadəyə verilməsi üçün özəl şirkətlər marağlıdır. Bu sahə gəlirli sahədir, qazanc olduqca böyükdür. Amma təssüf ki avtopark tikmək üçün Bakı şəhərində yer çatışmazlığı problemi var. Avtopark tikintisi üçün gərək Bakı şəhərində müxtəlif ərazilər sökülsün ki, həmin ərazidə avtopark tikmək mümkün olsun.

Bunu həll etmək üçün konkret olaraq obyektlər qarşısında standartlar tətbiq edilməlidir.

Birincisi Bakı şəhəri ərazisində hündür binaların tikintisi dayandırmalıdır. Alış-veriş mərkəzlərinə, böyük biznes mərkəzlərinə tikinti zamanı tələblər qoyulmalıdır ki, onlar ərazidə əhalinin sayına uyğun olaraq avtopark tikib istifadəyə versinlər. Bu tələblərə əməl etməyən şirkət sahibləri isə Bakı şəhərinin mərkəz ərazilərin də deyil şəhərdən nisbətən uzaq ərazidə tikinti aparmaq icazəsi verilməlidir.’’

Adətən bir sıra böyük şəhərlərdə parklama sahəsi hansısa bir şirkət tərəfindən idarə edilir.Son dövrlər dünyada daşına bilən, az xərc tələb edən və yaranmış problemə vaxtında çözüm tapan modul tipli avtoparkların qurulub istifadəyə verilməsi praktikasından geniş istifadə edilir.

Bu barədə metbuat.az-a özəl müsahibə verən mütəxəssis Kəmaləddin Mənsimov bildirdi ki, modul tipli avtoparkların qurulması ərazinin və orada yaşayan əhalinin sayına görə müəyyən edilir.

 

“Hər bir yerə uyğun olaraq modul tipli avtoparkların qurulması mümkündür. Bu avtoparkların qurulması istər özəl istərsə də dövlət tərəfindən maraq olmalıdır. Ya Bakı Şəhər İcra Hakimiyyəti, ya BNA, ya İqtisadiyyat Nazirliyi bu işlərin maliyyələşdirilməsini edə bilər. Bakı şəhərində heç bir arxitektur quruluşa malik olmayan, standartlarına cavab verməyən köhnə tikililər var.

Həmin tikililəri söküb hündür mərtəbəli binalar tikməkdənsə avtoparkların tikilməsi daha məqsədəuygun olardı. Söküntü sahələrində gözəl görünüşlü avtoparkların qurulması həm şəhərdə yol kənarında maşınların saxlamasının qarşısını alacaq, həm də səbəbsiz sürücülərin cərimə olunmamasına kömək edəcəkdir.

Xüsusilə şadlıq sarayları, böyük ticarət mərkəzlərinin önündə belə modul tipli avtoparkların qurulması həmin ərazidə sıxlıq zamanı yaranmış xaosun aradan qaldırılmasına da kömək edəcəkdir.’’

Etiketlər

Paylaş: