02.12.2020 06:23
6 abunə
357
Dağlıq Qarabağda nəqliyyat strukturu necə qurulacaq? - RƏSMİ CAVAB
"Azərbaycan Respublikasının işğaldan azad lunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir".
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. O qeyd edib ki, işğaldan azad edilən ərazilərimizdə ermənilərin törətdiyi əməllərin ən bariz nümunələrinə nəqliyyat infrastrukturu sektorunda da şahidlik etməkdəyik:
"Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq apardığımız təhlillərə əsasən 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidməti təmin edə biləcək maddi və texniki bazanın demək olar ki, məhv edilməsi aşkarlanıb.
22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.
İşğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub. Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq".
N.Allahyarova qeyd edib ki, bu məqsədlə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədləri hazırlanır:
"Azərbaycan Respublikasında işğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.
Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək".