Son Xeberler
Son Xeberler

24.07.2020 10:33

6 abunə

386

Din xadimlərindən dünya ictimaiyyətinə MÜRACİƏT

Din xadimlərindən dünya ictimaiyyətinə

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat verib.

Müraciət mətnində deyilir:

"Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatı, dinc əhalini, yaşayış yerlərini, dini məbədləri davamlı atəşə tutmasını qətiyyətlə pisləyir və dünya ictimaiyyətini, dini liderləri və beynəlxalq təşkilatları bu hadisəyə biganə qalmamağa, müvafiq mövqe nümayiş etdirməyə çağırırıq.

Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik və beynəlxalq təşkilatları, o cümlədən BMT-ni, ATƏT-in Minsk qrupunu mülki şəxsləri hədəf seçən bu cinayəti törədənlərə qarşı adekvat münasibət göstərilməsi istiqamətində səylərini birləşdirməyə çağırırıq. İndiyədək qoşunların təmas xəttində və hal-hazırda Ermənistan-Azərbaycan sərhədində çoxsaylı insan tələfatları səbəbindən Azərbaycan xalqının, xüsusən gənclərin dövlət başçısının ətrafında sıx birləşərək kütləvi şəkildə orduya səfərbər olunub cəbhə xəttinə yollanmaq istəyi qürurverici vətənpərvərlik nümunəsidir, lakin biz din xadimlərini narahat edən Ermənistan tərəfindən hərbi təxribatlar davam edərsə münaqişənin alovlanaraq böyük müharibəyə çevrilmə ehtimalıdır. Bu reallıq 30 ildən artıq davam edən, dondurulmuş münaqişənin həlli ilə məşğul olan tərəflərin nəzərə almalı olduğu mühüm məqamdır. Bəzən işğalçı ilə işğala məruz qalan tərəfin eyniləşdirilməsi münaqişənin həllinə xidmət edə bilməz. Beynəlxalq hüquq və normalara riayət, istisnasız olaraq, hamının borcudur.

Dinc əhaliyə qarşı silah işlədilməsi Ermənistan dövlətinin davamlı hərbi təcavüzünün, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və terror aktlarının davamıdir. Atəşkəs elan edilməsinə rəğmən mülki əhalinin mütəmadi atəşə tutulması, qətlə yetirilməsi, ölüm təhlükəsi altında yaşamağa məcbur qoyulması, dini məbədlərin dağıdılması beynəlxalq müstəvidə təcavüzkara qarşı münasibəti kökündən dəyişməyin, növbətçi açıqlamalardan qətiyyətli addımlar atmaq mərhələsinə keçməyin vaxtının çoxdan çatdığını bir daha sübuta yetirir.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin böyüyərək dünyanın müxtəlif qitələrinə, o cümlədən, Avropa, Amerika müstəvisinə keçməsi, xarici ölkələrdə yaşayan azərbaycanlılar və ermənilər arasında etnik zəmində qarşıdurma hallarının yaşanması olduqca böyük təhlükənin göstəricisidir. Bu, separatizm, terror dalğası üzərində yaranmış, uzun müddət dondurularaq ədalətli həllini tapmayan regional konfliktin qlobal miqyas kəsb etməsinin acı təzahürüdür. Ermənilərin xaricdəki Azərbaycan diasporasını və diplomatik nümayəndəliklərimizi hədəf alması, üzərinə hücum etməsi həll olunmamış konfliktin fəsadlarıdır və dünya ictimaiyyəti buna biganə qalmamalıdır.

Birləşmiş Millətlər Təşkilatı bugünədək beynəlxalq hüququn və fundamental insan haqlarının keşiyində ardıcıl duran beynəlmiləl qurumdur. Bu il yaranmasının 75-ci ildönümü tamam olan BMT kimi mötəbər beynəlxalq strukturun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 4 qətnaməsinin tələbləri Ermənistan tərəfindən bugünədək yerinə yetirilmir. Bu qətnamələrin reallaşmasını təmin edəcək addımların düşünülməsi BMT-nin şanlı yubileyi ərəfəsində nüfuz və dəyərinin daha da artmasına xidmət edən məqam olardı.

Dünyanı məhvərindən çıxmağa qoymayan əbədi bəşəri dəyərlərə istinad edən din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış etməlidirlər. Vətənimiz Azərbaycan müxtəlif din ardıcıllarının dinc birgəyaşayışının gündəlik həyati reallıq, multikulturalizmin həyat tərzi olduğu nadir ölkələrdəndir. O Bir Olan Yaradanımız qarşısında məsuliyyətimiz biz, dini konfessiya rəhbərlərini sülh və mövcud problemlərin ədalətli həlli naminə səyləri dəstəkləməyə sövq edir. Lakin sülh və anlaşmaya nail olmağın yolu asan deyil və çoxlu zəhmət, güclü iradə, səylərin birləşdirilməsini tələb edir.

Münaqişə başlayan zamandan etibarən Rus Pravoslav Kilsəsinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderlərinin dəfələrlə sülhməramlı görüşləri baş tutmuşdur. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyətlərin nəticəsi olaraq münaqişənin dinlərarası müstəviyə keçməsinin qarşısı alınmışdır. Etibarlı sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Lakin, təəssüflər olsun ki, erməni tərəfinin təxribatları növbəti dəfə münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar prosesinin pozulmasına gətirib çıxarır. Bu təxribatın bütün siyasi və hüquqi məsuliyyəti Ermənistan tərəfin üzərindədir.

Bütün səmavi dinlər dinc, günahsız insanların qətlini ən ağır cinayət kimi qiymətləndirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Dağlıq Qarabağ, onun ətrafındakı 7 rayonumuzda, həmçinin, hal-hazırda Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatlar zamanı dinc insanların qətli kimi qəbuledilməz bir hala qarşı öz qətiyyətli münasibətini bildirməyə, təcavüz və təxribat hallarını kəskin qınamağa çağırır, bu kimi halların qarşısının alınması, ədalətli sülhün bərqərarı naminə səyləri birləşdirməyə çağırırıq.

Yaradanımız qarşısında, xalqlarımız qarşısında borc və məsuliyyətimiz biz, dini liderləri, sülh, mərhəmət və mövcud problemlərin ədalətli həlli naminə səy göstərməyə məsul edir. Bu əsnada, dünya katoliklərinin lideri Roma Papası Zati-müqəddəsləri Fransiskin Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsindən narahatlığını, son döyüşlərdə ölənlərin ailələri üçün dua etməsini yüksək dəyərləndirir, Pontifik həzrətlərinin təbirincə desək, beynəlxalq ictimaiyyətin köməyi ilə «dialoq və tərəflərin xoş istəyi ilə bu sevimli xalqların xeyrinə münaqişənin davamlı sülh ilə həll yolu əldə edilə biləcəyinə" ümidini bölüşürük.

Ümidvarıq ki, dünya dini liderlərinin, beynəlxalq təşkilatların səyləri və dünya ictimaiyyətinin dəstəyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq norma və prinsipləri əsasında tezliklə öz ədalətli həllini tapacaq. Uca Yaradan Yer üzündə sülhü və əmin-amanlığı bərqərar etsin! Amin!".

Qeyd edək ki, müraciət Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Arxiyepiskop Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev və Alban-udi xristian dini icmasının sədri Robert Mobilin adından yayılıb.