16.01.2021 14:42
6 abunə
325
Dövlət Baxçalı Şuşada məktəb tikdirmək istəyir
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən ibtidai məktəb açmaq barədə təklif irəli sürüb.
Bu barədə Baxçalı tvitter hesabında yazıb.
MHP sədri keçən ilə damğasını vuran, milli könülləri sevindirən Qarabağ mübarizəsini Türk millətinin son illərdə əldə etdiyi ən görkəmli zəfərlərdən biri olduğunu ifadə edib:
"8 Noyabr 2020-ci ildə Qarabağın ürəyi olan Şuşanın xilası zülmün müqavimətini qırdı və terrorçu dövlət Ermənistanın şikəst xəyallarını məhv etdi. Şuşa strateji mövqeyinə görə, həmçinin Türk mədəniyyəti və tarixinin simvolu olan bir yerdir. Şuşanın inkişafı və burada yaşayan türk uşaqlarının gələcəyi mənəvi məsuliyyətimizdir. Bu qədim türk şəhərinin təhsil və təlim həyatına dəstək vermək əvəzolunmaz borcumuzdur. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi olarsa, Azərbaycan Prezidenti cənab İlham Əliyev uyğun görərsə, göstərişimlə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquzuncu sinfə kimi məktəb inşa etmək hədəfindəyik. Bu mövzuda sahib olduğumuz bütün imkanlar səfərbər ediləcək və lazım olanlar dərhal yerinə yetiriləcək".
Dövlət Baxçalı Azərbaycan himninin sözlərinin müəllifinin şair Əhməd Cavada, musiqisinin isə Üzeyir Hacıbəyliyə məxsus olduğunu bir daha dilə gətirib.
Baxçalı məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adının verilməsini və təməl qoyma gününün 30 Yanvar 2021-ci il tarixində başlamaq barədə arzu etdiklərini bildirib.