Dünya Bankının proqnozu
"2020-ci ilin yanvar-may aylarında koronavirus pandemiyasının yayılması və dünya birjalarında neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına mənfi yöndə təsiri oldu və real ÜDM-də azalma baş verdi".
Bununla bağlı açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn bildirib ki, Azərbaycanda pandemiyanın iqtisadiyyata təsirinin azaldılması üçün həyata keçirilən tədbirlər müsbət nəticə verəcək və bir çox dövlətlə müqayisədə ölkəmizin iqtisadiyyatı daha sürətli şəkildə bərpa olunacaqdır:
“Bildiyimiz kimi son 3 ildə Azərbaycanda ÜDM davamlı olaraq artıb. 2020-ci ildə də ölkəmizdə 3 faizlik artım proqnozlaşdırılırdı və cari ilin yanvar-fevral aylarında bu hədəfə nail olmaq istiqamətində ciddi irəliləyiş əldə edilib. Belə ki, bu ilin ilk iki ayında ÜDM-də 2,8 faizlik artıma nail olunub. Lakin cari ilin mart ayından etibarən koronavirus pandemiyasının iqtisadiyyata təsiri hiss olunmağa başlayıb və iqtisadi artım zəifləyib. Nəticədə cari ilin birinci rübündə ÜDM-də 1,1 faiz artım qeydə alınıb. Koronavirus pandemiyasının aprel və may aylarında dünyada sürətlə yayılması və buna paralel olaraq ölkəmizdə karantin rejiminin tətbiqi isə iqtisadiyyata daha çox təsir etdi.
Çünki ölkə Prezidentinin də qeyd etdiyi kimi burada Azərbaycan üçün iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Ölkəmizdə birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı üstün tutuldu. Rəsmi rəqəmlərdən də göründüyü kimi aprel-may ayları ərzində də ÜDM-də azalma baş verib. İlkin rəqəmlərə görə bu müddətdə ölkə iqtisadiyyatının gündəlik itkiləri 120-150 milyon manat təşkil edib. Biz 2020-ci ilin ilk 5 ayının rəqəmlərinə nəzər salsaq, aydın olur ki, ÜDM keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz azalıb. Koronavirus pandemiyası xüsusən xidmət sektoruna mənfi yöndə təsir edib. Sərhədlər bağlandığı üçün ölkəmizə gələn xariclərin sayı kəskin azalıb və bundan turizm sektoru ciddi ziyan çəkib. Həmçinin nəqliyyat sektorunda yük daşınması 10,3 faiz, nəqliyyat sektorunda sərnişin daşınması 24 faiz, pərakəndə ticarət dövriyyəsi 1,7 faiz azalıb. Amma müsbət məqamlar ondan ibarətdir ki, bu müddətdə qeyri neft-qaz sənayesi 14 faiz, informasiya və rabitə xidmətləri 4,5 faiz, kənd təsərrüfatı 3,6 faiz artıb".
R.Hüseyn hesab edir ki, ümumiyyətlə, ilkin rəqəmlərin təhlili onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyasının yaratdığı böhranı minimum itkilərlə keçir: "Qeyri neft-qaz sənayesində, kənd təsərrüfatında artım ilin sonunadək davam edəcəkdir.
Həmçinin burada onu da nəzərə alaq ki, koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən tədbirlər planı qəbul olunub. Hazırda böhranın dərinləşməsinin qarşısının alınması və makroiqtisadi sabitliyin qorunması üçün kompleks tədbirlər görülür".
Onun sözlərinə görə, Dünya Bankının 2020-ci illə bağlı açıqladığı son proqnozdan da görünür ki, MDB ölkələri arasında Azərbaycan bu böhrandan daha az itki ilə çıxacaq 3 ölkədən biridir: "Belə ki, Dünya Bankı bu il Rusiyada 6 faiz, Belarusda 4 faiz, Qazaxıstanda 3 faiz, Ermənistanda 2,8 faiz azalmanın olacağını proqnozlaşdırır. Həmçinin Ukraynada 3,5 faiz, Gürcüstanda isə 4,8 faiz azalma gözlənilir. Cari ildə Azərbaycanda isə 2,6 faiz azalma gözlənilsə də, 2021-ci ildə 2,2 faiz artım proqnozlaşdırılır. Dünya Bankının proqnozları da onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı qısa müddətdə bərpa olunacaq. Artıq gələn ildən etibarən ölkəmizdə iqtisadi artımın olacağı nüfuzlu beynəlxalq qurumlar tərəfindən də bəyan edilir.
Həmçinin hesablamalar göstərir ki, bu il iqtisadiyyatdakı geriləməyə baxmayaraq, ticarət balansında müsbət saldo qorunacaqdır. Belə ki, bu ilin 5 ayı ərzində 7 milyard ABŞ dolları dəyərində ixrac və 4,2 milyard ABŞ dolları dəyərində idxal həyata keçirilib. Yəni ölkəmizin cari ilin ilk 5 ayında ticarət dövriyyəsində 2,8 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb".
Oxşar xəbərlər
Dünya Bankası Azərbaycana 3,9 Milyard Dollar Yardı...
Son Xeberler
ABŞ Azərbaycanın İqlim Maliyyəsi Təşəbbüsünü Dəstə...
Bugun.az
Hava Proqnozu: Şənbə Gününün Hava Durumu Açıqlandı
Bugun.az
Rubl neçəyədir?
Xəbər Anı
Sabahın Hava Proqnozu
Bugun.az
Dünya Bankı Azərbaycanla bağlı səhvini düzəltdi -
Son Xeberler