🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu - RƏSMİ

30.07.2020 14:15 566 baxış sayı 6 dəq. oxuma
Elmi Tədqiqat İnstitutuna yeni direktor təyin olundu -

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə Tibb elmləri doktoru, professor Allahverdiyev Adil Məhəmmədəli oğlu V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İstitutuna direktor vəzifəsinə təyin edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib. 

A.Allahverdiyev bu gün kollektivə təqdim edilib.

Qeyd edək ki, Adil Allahverdiyev 1974-cü ildə Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə bitirib.

1978-1981-ci illərdə elmi-tədqiqat fəaliyyətini Moskvada Tibb Elmləri Akademiyası nəzdində Y.İ.Marsinovski adına Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun məqsədli aspiranturasında davam etdirib və tibb elmləri namizədi alimlik dərəcəsini alıb. İlk dəfə olaraq Qlükoza-6-fosfatdehidrogenaza (G-6PD) fermentinin çatışmazlığı olan şəxslərdə istifadə edilən dərman preparatlarına qarşı olan həssaslığı in vitro təyin etmək üçün yeni metodu işləyib hazırlamaqla problemin həll  olunmasında önəmli rol oynamışdır. 1989-cu ildə tibb elmləri doktoru elmi dərəcəsini alıb. A.Allahverdiyevin tədqiqatında ilk dəfə olaraq eyni zamanda malyariya parazitlərinin eritrositar mərhələsinin daxilində “rest state” dinclik vəziyyəti aşkar edilib ki, bunun da böyük epidemioloji və müalicəvi əhəmiyyəti vardır.

1990-cı ildə A.Allahverdiyev Azərbaycan Mikrobiologiya, Epidemiologiya ve Peşə Xəstəlikləri İnstitutunda (indiki V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu) hüceyrə kulturası və krioprezervasiya laboratoriyasının qurucusu və rəhbəri olaraq tədqiqatlarını davam etdirib. 1992-ci ildə beynəlxalq konqresdəki (İran, Tehran) çıxışından sonra A.Allahverdiyev Türkiyənin tanınmış Universitetlərindən biri olan Çukurova universitetinin tibb fakültəsinə  dəvət edilib. Dəvətin əsas məqsədi, malyariya sahəsində əldə etdiyi yeni elmi nailiyyətlərin Türkiyədə tətbiqi olub. A.Allahverdiyev dünyada ilk dəfə leyşmaniozun dəri formasının və insan üçün təhlükəli olan visseral formasının diaqnostikasında yeni mikrokultura metodunu işləyib hazırlayıb. Dünyanın müxtəlif konqreslərində (Avropa dermatoloqları və veneroloqları konfransı, İspaniya, 2004, İtaliya, 2004, Türkiyə Mikrobioloqlarının konfransı, İzmir, Quşadası, 2004; Beynəlxalq Transmissiv xəstəliklər simpoziumu, İstanbul, 2005; leyşmanioz üzrə III Dünya konqresi, İtaliya, 2005) təqdim edilən kəşf bu sahədə işləyən alimlərin diqqətini cəlb eib. Hazırda mikrokultura metodu dünyanın müxtəlif ölkələrində (ABŞ, Çin, İspaniya, İsveç, Yunanıstan, İndoneziya, Azərbaycan və s.) uğurla tətbiq edilir.

2006-cı ildə A.Allahverdiyev Yıldız Texniki Universitetinin Biomühəndislik kafedrasına (İstanbul)  dəvət edilərək, burada kafedranın qurucularından biri, "Hüceyrə kulturası və toxuma mühəndisliyi" laboratoriyasının isə qurucusu və rəhbəri olaraq fəaliyyətini davam etdirib. Çox sayda beynəlxalq mükafatlara layiq görülüb, bundan əlavə, Türkiyədə yaşadığı illərdə diaspora fəaliyyəti ilə də məşğul olub.

O, Türkiyə Parazitologiya və Tropik xəstəliklər şurasının fəxri üzvü, 2019-cu ilin sentyabr ayından etibarən isə Türkiyə Səhiyyə Nazirliyi və Biotexnologiya İnstitutunun himayəsi altında Peyvənd Elmi Şurasının üzvü seçilmiş  və indiyə kimi fəaliyyətini davam etdirməkdədir. Eyni zamanda, Stony Brook Universitetinin (ABŞ) adjunct  professorudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) malyariyaya qarşı mübarizə proqramında (Kopenhagen, 2000) iştirakı ilə yanaşı, A.Allahverdiyev dünyanın məşhur tədqiqat mərkəzləri və universitetləri ilə birgə tədqiqatlar aparır. Bu sıraya Stony Brook Universiteti (ABŞ), Universitet de Barcelona (İspaniya), U.S Army MRMC, the University of Health Sciences Chicago Medical School (ABŞ) daxildir. A.Allahverdiyev müxtəlif ölkələrin (Amerika, Türkiyə, Rusiya və s.) elmi cəmiyyətlərinin, o cümlədən Türkiyə parazitoloqlar Cəmiyyətinin fəxri üzvüdür.

 

 
Paylaş: