🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə

Ermənistan "İsgəndər"dən istifadə edə bilərmi? - TƏHLİL

07.10.2020 10:47 395 baxış sayı 10 dəq. oxuma
Ermənistan "İsgəndər"dən istifadə edə bilərmi? -

Azərbaycan Ordusu keçirdiyi əks-hücum əməliyyatında düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsini davam etdirəcək. Qoşunlarımız azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlər həyata keçirir.

İşğaldan azad edilən ərazilərin sahəsini genişəndirilən Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan işğalçıları, əllərində olan ən əhəmiyyətli silahlarından istifadə edirlər. Lakin düşmən əlində olan ən əhəmiyyətli silahlarını onu əzən Azərbaycan əsgərinə qarşı deyil, günahsız mülki əhaliyə qarşı çevirir. Onlarla Azərbaycan vətəndaşı, o cümlədən erməni əsilli Karina Qriqoryan da ermənilərin Qarabağla yaxından və uzaqdan əlaqəsi olmayan böyük şəhərləri raket zərbələrinə məruz qoyması nəticəsində yaralanır.

Ermənistan ordusunun silahlanmasında mövcud olan ən əhəmiyyətli silah sistemlərinə “İskəndər” OTRK, “Skad” OTRK və “Smerç” YARS-lardır. Düşmən artıq bu sistemlərdən ikisini - “Skad” və “Smerç” YARS-larını mülki əhalimizə qarşı istifadə edib. Onun nəticələrinin Ermənistanın məruz qaldığı itkiləri kompensasiya etməyəcəyi əvvəlcədən aydın idi. Mülki əhalinin həlak edilməsi nəticə etibarı ilə nəinki erməni ordusuna kömək etmədi, əksinə Ordumuzun daha da əzmlə düşmənin hərbi hədəflərini zərərsizləşdirməsi ilə nəticələndi.

Raketlərin bəziləri ələ keçirildi, bəziləri hədəfdən yayındı, bəziləri isə heç açılmadı. Bu barədə məlumatları redaksiyamız dəfələrlə oxucuların diqqətinə çatdırdığı üçün bunun üzərində dayanmayacağıq.

Ermənistanın KTMT-ni münaqişəyə cəlb etmək üçün öz ərazisindən istifadə etməsi heç kimə sirr deyil. Həm müttəfiqi Rusiyanın, həm də Azərbaycanın müttəfiqi İsrailin hadisələrə reaksiyası Paşinyanı çıxılmaz vəziyyətə salıb. Ermənilər Rusiya prezidentinin diqqətini münaqişəyə cəlb etməklə bərabər, cəbhədəki uğursuzluqlarını ört-basdır etmək üçün indi də “İskəndər” kartından istifadə etməyə çalışırlar.

Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbirlərin görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Bundan başqa erməni təhdidi ilə əlaqəli bəzi subyektiv fikirlərimiz də mövcuddur:

1. Ermənilərin əlində olan son əhəmiyyətli silahı Ermənistan ərazisindədir. Qarabağa hərəkət edən “İskəndər” OTRK-nı, S-300 kompleksinin aqibəti gözləyə bilər.

2. HHM sistemi özünü Azərbaycan zərbəsindən qoruya bilmədisə, “İskəndər”in qorunacağına kim zəmanət verib?

3. İndiyə qədər “İskəndər” kompleksi 3 dəfə Gürcüstanda, 1 dəfə Türkmənistanda və bir neçə dəfə Suriyada tətbiq edilib. Lakin bunların hədəfi uğurlu məhv etməsinə rast gəlinmir. Yalnız Suriyada onsuz da dağılmış yaşayış məntəqəsində dağıntılara səbəb olub. Qazaxıstanda bu il atılan raketin də hədəfdən yayındığı məlumdur.

4. Əgər Ermənistan tərəfi öz ərazisindən atəş açarsa, işğalçı ölkə ərazisindəki istənilən hərbi obyekt Ordumuz üçün legitim hədəfə çevrilir. Ermənistanın da istədiyi budur.

5. Əgər kompleksin Qarabağ ərazisinə gətirilməsinə cəhd edilərsə, bu yalnız 350 km-lik İrəvan-Gorus-Laçın yolu ilə bir zolağı yararlı olan körpüdən istifadə etməklə mümkün olacaq. O zaman bu körpünün digər zolağının istifadəyə yararlığının məqsəduyğunluğu təkrar nəzərdən keçirilə bilər.

6. OTRK-nın hərəkəti və döyüş vəziyyətinə gətirilməsi prosesi izlənilməlidir. Qarabağ ərazisinə daxil olan kompleksin məhv edilməsi Ordumuz üçün problem təşkil etmir. Lakin kompleksin mars və start mövqeyində yerləşən zaman HHM vasitələri ilə mühafizəsinin gücləndirilməsi realdır.

7. Rusiyaya aid OTRK-nın “son istifadəçi zəmanəti” sənədinə zidd olaraq tanınmayan qondarma qurumun ərazisinə göndərilməsinə aid görüntülər və sənədlər əldə edilərək istehsalçının və aidiyyəti qurumların nəzərinə çatdırılmalıdır. Əslində bu da cinayətdir.

Ermənistan hakimiyyətinin mülki insanlara və SES-lərə atəş açmasına artıq rast gəlmişik. Bu siyahıya enerji infrastrukturu da əlavə edilməlidir. “İskəndər” OTRK-nın Qarabağa gətirilməsi Xəzər akvatoriyasındakı sənaye və terminallara qarşı istifadə məqsədi daşıya bilər. Çünki erməni tərəfi ən sonuncu əhəmiyyətli silah olaraq “İskəndər” kompleksinin əvvəlkilər kimi, qeyri-dəqiq və ya minimal zərər vurmasını deyil, bu dəfə daha geniş ölçülərə malik, həm də böyük yanğın törədə biləcək “sahə hədəflərinə” qarşı tətbiq edəcək. Buna görə də həm strateji obyektlərin, həm də neft terminallarının HHM vasitələri ilə qorunması gücləndirilməlidir. Atılan raketlərin cəmi 1 ədədinin düşmən ölkə ərazisində məhv edilməsi isə Rusiyanın dərhal OTRK-nın istifadəsinə qadağa qoyacağı ilə nəticələnəcək. Bəlkə də, Moskva Gürcüstandakı acı təcrübəni xatırlayıb, kompleksin istifadəsinə heç icazə verməyəcək. Çünki bu dəfə həm kompleksin raketinin açılmaması həm də “Dəmir Günbəz” və ya “Barak” vasitəsilə məhv edilməsi “İskəndər” kompleksi haqqında on illərdir yaradılan mifləri dağıda bilər. “İskəndər” dediyimiz “Skad” OTRK-nın sadəcə sonrakı versiyasıdır. Qətiyyən də iddia edildiyi qədər qorxulu deyil. Bunu Şəmkir rayonunun Sabirkənd əhalisi də təsdiqləyər. Sadəcə su boğazına çıxan Ermənistan hakimiyyətinin “İskəndər”dən başqa çıxış yolu qalmayıb.

Hesab edirəm ki, Azərbaycan tərəfi KTMT və digər beynəlxalq təşkilatları və xarici ölkə səfirliklərini bu komplekslərin tətbiqi barədə təhdidlərlə bağlı məlumatlandırmalı, onların nümayəndələrini, hərbi attaşeləri, mətbuat və ictimaiyyət nümayəndələrinin proseslərin görüntüləri ilə əyani tanış etməlidir.

Azərbaycan bu atıcı qurğuları start mövqeyində yerləşdirənə qədər zərərsizləşdirəcəyi şübhəsizdir. Bunlara görə məsuliyyət tamamilə Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın düşdüyü çıxılmaz vəziyyətində əlində olan məhdud sayda raketləri irəlləyən rəqibə qarşı istifadə əvəzinə mülki əhalinin yaşadığı əraziyə, su anbarlarına və ya neft infrastrukturuna zərbələr üçün istifadə etməsi, bu ölkə rəhbərliyinin zəmanətli ölümə atdığı əsgərlərin qorumaq fikrində olmadığını və məqsədyönlü şəkildə mülki əhalini qətl etmək niyyətini bütün dünyaya aşkar şəkildə nümayiş etdirir.

Hərbi ekspert Ədalət Verdiyev

Paylaş: