13.01.2021 07:05
6 abunə
18
FƏRİD
Fərid İmran oğlu Zaməddinov 1986-cı ildə Oğuz rayonunda anadan olub.
O, 1992-ci ildə həmin rayonda 2 saylı tam orta məktəbə gedib.Orta məktəbi bitirdikdən sonra, Şəkidə Mühasibat Uçotu və Audit ixtisasi üzrə təhsilini davam etdirib
2012-ci ilin aprel ayından hərbi xidmətini gizir kimi davam etdirib.
Aprel döyüşlərində xüsusi qəhrəmanlığı ilə seçilən Fərid 2020-ci il sentyabrın 27-i topçu komandir kimi döyüşlərə yollanıb. O, Kəlbəcər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.Düşmənin 30-a yaxın tankını məhv edib. 2020-ci il Noyabr ayının 9-dan 10-na keçən gecə,atəşkəsə yarım saat qalmış Talış kənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid Zaməddinov Fərid çox ailəcanlı bir insan olub,bacısı Təhminə xanım deyir ki,həyatda ən çox övladlarına bağlı idi,onlarla nəfəs alırdı. İstədikləri hər şeyi alardı,bacısı deyəndə ki,uşaqları elə ərköyün etmə,deyərdi ki,mən atasız böyümüşəm,ata qayğısı görməmişəm,qoy övladlarım görsün,mən sağ olduğum müddətcə onların hər nazını çəkəcəm. Yoldaşı Zeynəb xanım deyir bir gün qızım Nərmin atasından kukla istədi ,market bağlanmağına sayılı dəqiqələr qalmışdı. Maşına çatanda yadına düşdü ki,qızına oyuncaq alacaqdı. Yoldaşı dedi ki,eybi yox,sabah alarsan,dedi qızıma söz vermişəm. Gedib birdə marketi,kassanı açdırıb,kuklanı alıb qızına. Oğlu ilə tam başqa bağı var idi. Yayın istisində ona sarılıb yatarmış,onsuz darıxıram deyərmiş...
Özünə paltar almırdı,deyirdi uşaqlara olsun,mənə hərbi formam bəsti. Saçı tərtəmiz ağarmışdı. Heç,demək olar,şəkli yoxdu. Yoldaşı səbəbini soruşanda deyərdi ki,orda baş qaşımağa vaxt yox idi,qalmışdı şəkil çəkdirmək.
Müharibə başlayandan ən qızğın yerlərdə döyüşüb,topçu komandir olub.
“Kompüter bilikləri mükəmməl idi, həmişə tam nişana atəş açıb, bir dəfə də olsa nişandan yayınmayıb. 30-a yaxın düşmən texnikasını təkbaşına məhv edib.
Döyüş yoldaşları arasında da böyük hörmət sahibi olub. Onlar danışır ki, Fərid sanki şəhid olacağını öncədən hiss edirdi. Son zamanlar deyirmiş ki, mən atasız böyümüşəm, qorxuram övladlarım da elə böyüsün. Belə deyəndə yoldaşları, “nigaran qalma, elə şey olsa, biz varıq, böyüdərik onları” deyiblər. Elə də oldu. Fərid şəhid olandan hər gün zəng edib əhvalımızı soruşur, tez-tez ziyarət edirlər”.
Xanımı danışır ki, Fərid sonuncu dəfə noyabrın 3-də bir günlük ailəsini görməyə gəlib, sonra yenidən qayıdıb döyüşə:
“Gəldiyi gün axşama kimi şəhidlər barədə reportajlara baxdı, telefonunda saxladığı düşmənin məhv edilən texnikalarının şəkilini göstərdi övladlarına. Elə qürurlu idi ki…
Birdən oğlumuz Aqşin soruşdu ki, ata, haram loxma yeyənlər şəhid olur? Atası isə cavabında “təbii ki, yox” dedi. Oğlum soruşanda ki, bəs sən heç haram loxma yemisən, atası növbəti dəfə “yox” deyə cavab verdi. Bu zaman oğlum “sən haram loxma yeməmisən, bəs birdən şəhid olsan?.." deyə soruşanda, Fərid cavab verə bilmədi, susdu…
Yoldaşları deyir ki,son gün,ayın 10 özünü narahat hiss edirdi,sanki içində bir hiss vardı. Sonuncu dəfə maşına minməmişdən qabaq ona deyiblər ki, getmə,nə olar nə olmaz,birdən Şəhid olarsan. Bu cümlə qarşısında bəxtindən giləylənərək Fəridin son kəliməsi bu oldu-" Məndə o bəxt hardandır,mən Şəhid olam? Bəlkə Şəhid olsam,övladlarıma bir ev olar".
Övladları hələdə ataların qayıdacaqlarını düşünür. 40 mərasimi deyəndə qızı elə bilib ki, mərasimdən sonra atası qayıdacaq,camaat dağılışanda anasına deyib "Bəs 40 keçdi,atam hardadır?"
Şəhidlər Zaməddinov Fərid və Əhmədli Elşənin əbədi xatirəsinə Oğuz rayonunda bulaq inşa olunub.
Zaməddinov Fərid İmran oğlu 2020-ci il Noyabr ayının 9-dan 10-na keçən gecə,atəşkəsə yarım saat qalmış Talış kənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Fərdi Zaməddinov Prezident İlham Əliyevin sərəncamın ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidimiz Oğuz rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Onun 3 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!